Advertisement

Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır – Hulusi Kılıç

Bakı. Trend:

Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası
və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci
görüşündə 4 kəndin Azərbaycana qaytarılması dünyada böyük səs-səda
yaratdı.

Bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq
fövqəladə və səlahiyyətli səfiri və
“İMZA” İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O qeyd edib ki, bu, Azərbaycanın yeni uğurlarından biridir.

“Bu, onu göstərir ki, Azərbaycan öz torpaqlarını heç vaxt
başqasına buraxmayacaq. Təbii ki, dörd kəndin geri qaytarılması çox
vacibdir. Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında
birbaşa keçirilən səkkizinci görüşdə digər ölkələrin müdaxiləsi
olmadan bu kəndlər qaytarıldı. Nə Avropa İttifaqı, nə ABŞ, nə də
Fransa bu işə qarışdı. Bu, o deməkdir ki, uzaq ölkələrin, regiona
heç bir aidiyyəti olmayan ölkələrin müdaxiləsi problemi yalnız
uzadır. Ona görə də bura kölgə salmasınlar, qarışmasınlar, onlardan
heç nə gözlənilmir. Çünki sülh müqaviləsinin imzalanmasının
uzanmasının səbəblərindən biri başqa dövlətlərin bu prosesə
müdaxilə etməsi, ona kölgə salmasıdır. Deməli, kölgə salmasalar, bu
problemləri həll etmək mümkündür.

Bu, dünyaya çox-çox önəmli bir mesajdır. Bundan əlavə, bu dörd
kəndin ikitərəfli danışıqlar yolu ilə Azərbaycana qaytarılması onu
göstərir ki, hazırda sülh sazişinə gedən yol yaxın və qısadır.
Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra
Türkiyə Ermənistanla münasibətlərini normallaşdıracaq”, – deyə o
bildirib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin
xidmətinin media üçün məlumatında deyilir ki, 2024-cü il aprelin
23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında
sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların
dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi
quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.