Advertisement

Ombudsman Böyük Britaniya səfiri ilə Ermənistanın Azərbaycana qarşı mina terrorundan danışdı

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Böyük Britaniya və Şimali İrlandiya
Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auldu qəbul
edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsman
əvvəlki görüşü məmnunluqla xatırladaraq, əməkdaşlıqla bağlı
səmərəli müzakirələrin aparılmasında bu cür görüşlərin əhəmiyyətini
vurğulayıb.

Beynəlxalq qurumlarla əməkdaşlığa önəm verildiyini söyləyən
Müvəkkil xarici ölkələrin ombudsman və milli insan hüquqları
institutları ilə əməkdaşlıq əlaqələrindən bəhs edib, bir sıra
təsisatlarla anlaşma memorandumlarının imzalandığını bildirib. O,
BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal prosesində
sözügedən quruma dövri məruzələrin təqdim olunduğunu, təsisatın bu
prosesdə fəal iştirak etdiyini diqqətə çatdırıb.

S.Əliyeva Ombudsman haqqında Qanuna edilmiş son dəyişikliklərdən
danışaraq, əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi,
bərabərlik hüququnun təmin olunması və ayrı-seçkiliyin qarşısının
alınması sahəsində mandatının genişləndiyini qeyd edib.

Müvəkkil Ermənistan tərəfindən işğal dövründə Azərbaycan
torpaqlarında törədilmiş mina terrorundan danışıb, basdırılmış
minaların keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə
təhlükəsiz qayıdışına, aparılan genişmiqyaslı bərpa-quruculuq
işlərinə ciddi maneə yaratdığını bildirib. O, Böyük Britaniya
tərəfindən minatəmizləmə sahəsində ölkəmizə göstərilən dəstəyin
yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Son illərdə ölkəmizin ev sahibliyi etdiyi bir sıra mühüm
beynəlxalq tədbirlər barədə də məlumat verən Ombudsman cari ildə
ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –
COP29 çərçivəsində mümkün əməkdaşlıq perspektivləri barədə fikir
mübadiləsi aparılıb.

Görüşdə, həmçinin insan hüquqlarının müdafiəsi sahəsində gələcək
əməkdaşlıq perspektivləri müzakirə olunub.