
Bakı. Trend:
23-24 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin
İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində “İşgəncə
və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya
cəza əleyhinə Konvensiya” üzrə Azərbaycan Respublikasının 5-ci
dövri məruzəsinin təqdimatı keçirilib.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin
yaydığı bəyanatda məlumat verilib.
Bildirilib ki, Tədbirdə Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti
ilə təmsil olunub.
Nazir müavini çıxış edərək, Azərbaycan Respublikasının BMT-nin
insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə
əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, son dövrlərdə ölkəmizdə
həyata keçirilmiş məhkəmə islahatları, eləcə də Konvensiyadan irəli
gələn öhdəliklərin həyata keçirilməsi sahəsində digər mütərəqqi
addımlar barədə Komitə üzvlərini ətraflı məlumatlandırıb.
Nazir müavini öz çıxışında Azərbaycan Respublikasının Vətən
müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 il davam edən
Ermənistan işğalından azad edilməsindən sonra ilk dəfə ölkənin
bütün ərazisində tərəf olduğu beynəlxalq müqavilələrdən irəli gələn
öhdəlikləri həyata keçirəcəyini və hüquq qaydasını tam təmin edə
biləcəyini bəyan edib.
Bundan başqa, S.Sərifov Azərbaycan Respublikası hökuməti
tərəfindən qanunvericilik islahatlarının dərinləşdirilməsi, o
cümlədən yeni informasiya texnologiyalarının tətbiqı ilə bağlı
görülmüş tədbirlər, habelə insan hüquqları və əsas azadlıqları
mövzusunda hüquq-mühafizə orqanları əməkdaşları üçün təşkil edilmiş
çoxsaylı yerli və xarici təlimlər, seminarlar və tədris proqramları
barədə geniş məlumat verib.
Qeyd edilənlərlə yanaşı, Komitə üzvləri məhkəmə-hüquq sisteminin
müstəqilliyinin təmin edilməsi, ədliyyə sisteminin
modernləşdirilməsi, penitensiar infrastrukturunun
təkmilləşdirilməsi, məhkümlara keyfiyyətli tibb xidmətlərinin
göstərilməsi, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən
tədbirlər, alternativ cəzaların tədbiqi, insan alveri və məişət
zorakılığı ilə mübarizə, uşaq hüquqlarının təmin edilməsi, o
cümlədən uşaqlara qarşı zorakılığın bütün formalarının aradan
qaldırılması sahəsində qəbul edilmiş milli fəaliyyət planları və
dövlət proqramları barədə məlumatlandırılaraq, Komitə üzvləri
tərəfindən qaldırılan suallar dolğun şəkildə cavablandırılıb.





























