
Bakı. Trend:
Ermənistan tərəfindən uzun vaxtdır işğal altında tutulan Qazaxın
dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayır və təbrik
edirik.
Trend xəbər verir
ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr
komitəsinin sədri Fuat Oktay Türk Dövlətləri Parlamentlərinin
Xarici Əlaqələr Komitələri Sədrlərinin Bakı iclasında deyib.
O qeyd edib ki, bununla bərabər Zəngəzur dəhlizinin də qısa
zaman ərzində açılması bizim üçün vacib və əhəmiyyətlidir.
“Bu xəttin açılnması ilə Türkiyə tarixi Türk coğrafiyasına
bağlayacaq. Bu da Türk dünyasının daha da güclənməsi və inkişafına
şərait yaradacaq. Bu dəhlizin açılması eyni zamanda, Ermənistan
üçün də son dərəcə vacibdir. Bununla da bölgədə sülhün əldə
olunması təmin oluna bilər”,- deyə o əlavə edib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.





























