Advertisement

Rusiya sülhməramlılarının ərazimizi tərk etməsi Moskva ilə münasibətlərdə yeni səhifə açır – Rauf Əliyev

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə cari ilin 22 aprel
tarixində Moskvaya işgüzar səfəri ölkələrimiz arasında mühüm
əhəmiyyət kəsb edir. Azərbaycan və Rusiya arasında münasibətlər
müsbət dinamika üzrə inkişaf etməkdədir. Tarixi köklərə, qonşuluq
münasibətlərinə əsaslanan bu əlaqələrin yeni mərhələyə qədəm
qoyduğunu söyləməyə əsas verir. Azərbaycanın Vətən müharibəsindəki
tarixi zəfərindən, antiterror tədbirlərindən sonra regionda
yaratdığı yeni reallıqlar, Rusiya sülhməramlılarının ərazimizi tərk
etməsi və Moskva ilə də münasibətlərdə yeni səhifə açır. Cənab
İlham Əliyevin Baykal-Amur Magistralının (BAM) inşasına
başlanmasının 50 illiyi münasibətilə rusiyalı həmkarı Vladimir
Putin tərəfindən bu ölkəyə dəvət edilməsi ölkələrimiz arasında olan
sıx əlaqələrin göstəricisidir. Ölkə başçılarının təkbətək görüşü
zamanı bir sıra vacib məsələlər, o cümlədən, logistika,
təhlükəsizlik mövzusunda danışıqlar aparılıb.

Görüş zamanı cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki,
“BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş bugünkü
tədbirdə iştirakla bağlı dəvətinizə görə ayrıca təşəkkürümü
bildirirəm. Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər
Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycanda yüksək
qiymətləndiririk. Qeyd etdiyiniz kimi Heydər Əlirza oğlu Əliyev
vaxtilə Ümumittifaq tikintisi adlandırılan bu nəhəng layihənin
həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına
öz töhfəsini verib. Ona görə bizim üçün əlbəttə ki, bu tədbirdə
iştirak etmək çox xoşdur və böyük şərəfdir. Bu gün bu qlobal
layihənin həyata keçirilməsinə öz töhfəsini verən insanlarla da
görüşəcəyik”. Qeyd etmək lazımdır ki, dövrünün ən böyük
infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı dünyanın
ən uzun dəmir yolu xətlərindən biri olub və bu baxımdan BAM xəttini
“Əsrin layihəsi” adlandırırdılar. BAM eyni zamanda SSRİ-nin
irimiqyaslı iqtisadi layihəsi idi. BAM ölkənin şərq bölgələrini
effektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xarici
texnologiyalara sahib olmaq müasirləşmək, qarşılığında isə inkişaf
etmiş kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimi
SSR-nin rolunun gücləndirilməsi kontekstində hazırlanmışdı.

Ölkə başçısı cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki,
“Regional təhlükəsizlik məsələləri həmişə bizim görüşümüzün
gündəliyindədir. Biz, həmçinin şadıq ki, onlar öz həllini tapır.
Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik
üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı
fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və
qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın,
qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin
nizamlanmasına çalışırıq”. Azərbaycan və Rusiyanın vahid ittifaqda
yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus
xarakterini formalaşdırır və regionda sülhün olmasına xidmət edir.
Ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər
ölkələrimiz arasında münasibətləri daha da yaxşılaşdırıb.
Azərbaycan-Rusiya ölkə başçılarının siyasi iradəsinə uyğun olaraq,
hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə
inkişafdadır etməkdədir. Baykal-Amur Magistralının 50 illik
yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri
ilə birgə görüş zamanı Ulu Öndər Heydər Əliyev keçmiş SSRİ-nin Baş
nazirinin birinci müavini vəzifəsində çalışdığı dönəmdə BAM-ın
inşasına şəxsən nəzarət etməsi sayəsində nəhəng layihənin ərsəyə
gəlməsində mühüm xidmətlərinin olmasından danışılması hər bir
azərbaycanlı üçün fəxarətdir. Ölkə başçısı cənab İlham Əliyevin 22
aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir
Putin ilə təkbətək eyni zamanda Baykal-Amur Magistralının 50 illik
yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri
ilə birgə görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq
münasibətlərinin sağlam və səmimi olmasının bariz nümunəsidir.
Dövrün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur
Magistralı tikintisinin sürətləndirilməsində yeni ideyaları ilə
ölkəmiz adını Rusiya dostluq tarixinə qızıl hərflərlə yazdırıb və
bu gündə Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirən
cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir,
regionda sülhün, sabitliyin, əməkdaşlığın və davamlı inkişafın
təmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir.

Milli Məclisin deputatı,

Rauf Əliyev