
Bakı. Trend:
2020-ci il yanvarın 8-də Azərbaycan Respublikası tərəfindən
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının həyata
keçirilməsi ilə bağlı görülmüş işlərə dair 5-ci dövri məruzə
BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə təqdim edilib. Bununla bağlı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin
(Ombudsmanın) müvafiq dövr üzrə əlavə hesabatı da həmin komitəyə
təqdim olunub.
Ombudsman Aparatından Trend-ə verilən məlumata görə,həmin
hesabatın müzakirəsi məqsədilə BMT-nin İşgəncələr Əleyhinə
Komitəsinin Müvəkkilə ünvanlanan rəsmi dəvəti əsasında Ombudsman
Aparatı rəhbərinin müavini və Milli Preventiv Qrupun rəhbəri Rəşid
Rumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları
ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli 2024-cü il
aprelin 22-də İsveçrənin Cenevrə şəhərində komitə üzvləri ilə
keçirilən xüsusi iclasda iştirak ediblər.
Müzakirələr zamanı komitə üzvlərinə Müvəkkilin Milli Preventiv
Mexanizm mandatı çərçivəsində həyata keçirdiyi fəaliyyəti,
təcrübədə əldə olunan yeniliklər, həyata keçirilən preventiv
tədbirlər barədə geniş məlumat verilib. “Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya
Qanununa yeni mərhələdə sözügedən komitənin tövsiyələri də nəzərə
alınmaqla edilən yeni dəyişikliklərin Ombudsmanın Milli Preventiv
Mandatı çərçivəsində fəaliyyətini gücləndirməklə yanaşı, eyni
zamanda beynəlxalq norma və prinsiplərə uyğun olduğu diqqətə
çatdırılıb.
İclasda komitə üzvlərinin bir sıra sualları cavablandırılıb,
müzakirələr aparılıb.





























