Advertisement

Üçüncü tərəflərin müdaxiləsi olmasa, Cənubi Qafqazda sülh əldə etmək daha real olar – ŞƏRH

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA
Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış”
mövzusunda beynəlxalq forumda çıxışı zamanı bir çox mühüm
məsələlərə toxunub. Dövlət başçısı bildirib ki, COP29-dan əvvəl
Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı, baza
prinsipləri üzrə razılığa gəlmək tam real görünür.

Proseslər onu göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfli
formada daha müsbət nəticələr əldə edirlər. Aprelin 19-da keçirilən
Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası
üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə edilən
nəticələr də ikitərəfli görüşlərin daha səmərəli nəticələr
verdiyini, vasitəçilər olduqda isə prosesin uzandığını
göstərir.

Məsələ ilə bağlı Milli Məclisin deputat Sevinc
Hüseynova
və siyasi şərhçi Elçin
Mirzəbəyli
Trend-ə açıqlama verib.

S.Hüseynova bildirib ki, biz 30 illik işğal zamanı onun şahidi
olduq ki, məhz elə vasitəçilərin iştirakı, əslində, prosesi xeyli
uzatdı və demək olar ki, danışıqları praktiki cəhətdən dalana
dirədi.

“Hətta vəziyyət o həddə çatdı ki, az qala beynəlxalq
ictimaiyyətə çatdırsınlar ki, bu münaqişənin həlli mümkün deyil.
Bu, onu göstərdi ki, əslində, vasitəçilər münaqişənin həllində
deyil, daha çox öz maraqlarının təmin edilməsində maraqlı idilər
ki, bu da danışıqlar prosesini illərlə uzadırdı. Bu baxımdan, təbii
ki, daha effektiv olar ki, müqavilə iki tərəfin maraqlarına uyğun
şəkildə imzalansın və özləri arasında bilavasitə danışaraq, sülhə
nail olsunlar.

Dövlət başçısı, həmçinin, Fransa, Hindistan və Yunanıstanın
Ermənistanı bizə qarşı silahlandırdığını diqqətə çatdırdı və qeyd
etdi ki, əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər
görməli olacağıq.

Bu, həm Ermənistan, həm də Ermənistanın havadarlarına verilən
bir mesaj idi ki, onlar Ermənistanı silahlandırmaqdan çəkinsinlər.
Azərbaycan sülh tərəfdarıdır. Əgər Ermənistanın havadarları yenə də
onu silahlandırmağa davam etsələr, sülh müqaviləsini imzalamaqdan
yayındırmağa çalışsalar və müharibəyə təhrik etsələr, təbii ki,
Azərbaycanın nəyə qadir olduğu artıq bütün dünyaya bəllidir”, –
deyə deputat əlavə edib.

E.Mirzəbəyli isə bildirib ki, Ermənistanla sülh prosesinə
münasibətdə dövlətimizin mövqeyi kifayət qədər aydındır.

“Əgər üçüncü tərəflərin geosiyasi iddialardan qaynaqlanan
müdaxilələri, beynəlxalq ictimai rəyi çaşdırmaq niyyətləri tamamilə
aradan qalxarsa, o zaman qısa müddət ərzində, təkcə Cənubi Qafqazın
deyil, daha geniş subregionun təhlükəsizliyinə zəmin yarada biləcək
nəticələrin əldə edilməsinin şahidi ola bilərik. Bu baxımdan,
COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail
olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tamamilə real
görünür.

Əks təqdirdə, prosesə müxtəlif yollarla müdaxilə etməyə
çalışanlar, revanşçı meyilləri stimullaşdıranlar qarşılarında
Azərbaycan dövlətinin sarsılmaz, prinsipial mövqeyini, Azərbaycan
xalqının milli iradəsini görəcəklər. Yəni Fransa, Hindistan və
Yunanıstan kimi ölkələrin Ermənistanı Azərbaycana qarşı
silahlandırması da heç bir nəticə verməyəcək və Azərbaycanın,
dövlətimizin başçısının bəyan etdiyi kimi, oturub gözləmək kimi bir
niyyəti yoxdur. Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsi kimi,
bölgədə cərəyan edən proseslərin quruluşçusudur, müşahidəçisi
deyil. Bu, o deməkdir ki, dəyərləndirmələri də milli maraqlarımıza,
təhlükəsizliyimizə, baxış bucağımıza uyğun şəkildə aparırıq.

Bunla bağlı Prezident İlham Əliyev son mesajını da verdi: Ciddi
təhdid görsək, ciddi tədbirlər həyata keçirəcəyik!”, – deyə
E.Mirzəbəyli əlavə edib.