Advertisement

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi – Kərəm Vəliyev

Bakı. Trend:

2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan
Silahlı Qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks
həmlə əməliyyatı keçirdi. Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali Baş Komandanı Cənab Prezident İlham Əliyevin
rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Ordumuzun
tam qələbəsi və ərazi bütövlüyünün təmin edilməsiylə başa
çatdı.

Trend xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah
rəisi, general-leytenant Kərəm Vəliyev bu münasibətlə Azərbaycan
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyə-Rusiya Birgə
Monitorinq Mərkəzinin bağlanış mərasimində deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabrda
imzaladığı birgə bəyanatla atəşkəs rejimi elan edildi.

“Türkiyə və Rusiya Respublikaları arasında imzalanan memoranduma
əsasən yaradılmış birgə monitorinq mərkəzi 3 ildən artıq müddət
ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyət
nəticəsində mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən
layiqincə gəldi.

Azərbaycan Respublikası Qarabağ İqtisadi rayonu üzərində tam
nəzarətin bərqərar olunması məqsədiylə 2023-cü ilin sentyabr ayında
keçirilmiş anti-terror tədbirləri nəticəsində Ermənistan Silahlı
Qüvvələrinin qalıqları və qeyri-qanuni erməni birləşmələri
ölkəmizin ərazisindən tamamilə çıxarıldı. Bu səbəbdən Birgə
Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”, –
deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyə Respublikası ilə Rusiya Federasiyası
arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs
rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması
məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb.

2023-cü ilin 19-20 sentyabr antoterror əməliyyatı nəticəsində
Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla
əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ
bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də
ehtiyac qalmayıb.

Onu da əlavə edək ki, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə
Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacağı barədə Türkiyə
Milli Müdafiə Nazirliyi aprelin 18-də məlumat yaymışdı.