Advertisement

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub

Bakı. Trend:

ABŞ Konqresi üzvlərinin ölkəmizə səfərə gəlmiş köməkçilərindən
ibarət nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsində olub.

Dövlət Komitəsindən Trend-ə bildirilib ki, Komitənin sədr
müavini Fuad Hüseynov qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş
sahəsində dövlət siyasəti, bu kateqoriyadan olan insanların
üzləşdikləri problemlər və onların həlli istiqamətində görülən
tədbirlər, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi
ilə bağlı yaranmış vəziyyət, hazırda davam edən Böyük Qayıdış
haqqında ətraflı məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
qaçqınlar və məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunublar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva onların
sosial, təhsil, səhiyyə, mədəniyyət məsələlərini daim diqqətə
saxlayır, hər müraciətə xüsusi həssaslıqla yanaşır.

Məcburi köçkünlərin mütləq əksəriyyətinin doğma yurda qayıtmaq,
orada daimi məskunlaşmaq və işləmək, həmin yerlərin yenidən
dirçəldilməsinə töhfə vermək istədiyi vurğulanıb. Böyük Qayıdışın
ilkin nəticələri Şərqi Zəngəzurda və Qarabağda həyatın tezliklə
canlanacağına inam yaradır.

Görüşə dəvət edilmiş bir qrup məcburi köçkünün didərginlik
hekayələrini qonaqlar maraqla dinləyib, onlarla həmsöhbət olublar.
Məcburi köçkünlər sülh və əmin-amanlıq şəraitində yaşamaq
istədiklərini, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan
hökumətinin həyata keçirdiyi bərpa-quruculuq işlərindən razı
qaldıqlarını və doğma yurda köçəcəkləri günü səbirsizliklə
gözlədiklərini bildirib, onların fikir və duyğularını amerikalı
konqresmenlərə çatdırmağı xahiş ediblər.