
Bakı. Trend:
Dövlətimizin və xalqımızın mənafeyinə söykənən ölkəmizin xarici
siyasi strategiyası tam müstəqil, balanslaşdırılmış, bərabərhüquqlu
xarakter daşımaqla beynəlxalq münasibətlər sistemində mövqelərimizi
daha da möhkəmləndirir, nüfuzunu durmadan yüksəldir. Azərbaycan hər
zaman hansısa xarici dövlətin, qütbün yox, yalnız özünün milli
maraqlarından çıxış edir. Məhz çoxşaxəli və tarazlaşdırılmış,
konkret hədəflənmiş, ədalət üzərində qurulan xarici siyasətin
göstəricisidir ki, hazırda son dərəcə gərgin və mürəkkəb
proseslərin yaşandığı bir dönəmdə ölkəmiz etibarlı tərəfdaş kimi
tanınır. Əminliklə demək olar ki, bütün istiqamətlərdə – Avropa,
Asiya, Afrika, Amerika dövlətləri ilə əlaqələrimiz daim
inkişafdadır. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər
ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar
çərçivəsində özünü göstərir. Bu uğurların təməlində, təbii ki,
ölkəmizin rəhbəri cənab İlham Əliyevin dünya siyasətini hərtərəfli,
o cümlədən tarixi, nəzəri və praktik baxımdan dərin bilməsi,
qətiyyətli mövqeyi və siyasi iradəsi, həmçinin regional və
beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələr dayanır.
Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasətində Avropa
İttifaqı ölkələri ilə əlaqələr üstünlük təşkil edir: ”İttifaqda
təmsil olunan dövlətlərdən doqquzu ilə Azərbaycanın münasibətləri
strateji tərəfdaşlıq səviyyəsindədir. Bu həm də həmin ölkələrin
dövlətimizə olan marağının və etimadının əlamətidir. Azərbaycanla
əlaqələri daim inkişaf edən Avropa dövlətlərindən biri də
Almaniyadır. Dünyanın siyasi-iqtisadi müstəvisində əhəmiyyətli rol
oynayan bu dövlətlə Azərbaycan arasında ümumilikdə 80-ə yaxın sənəd
imzalanıb. Bu da münasibətlərimizin səviyyəsini göstərən mühüm
faktordur. Rəsmi Berlin hər zaman Azərbaycanın ərazi bütövlüyünə
hörmətlə yanaşıb, böyük dövlət imicini qoruyaraq
Azərbaycan-Ermənistan münasibətlərində neytral olub, obyektiv
yanaşma sərgiləyib, hətta normallaşma prosesinə öz dəyərli töhfələr
verib. Məncə, dost ölkənin xarici işlər naziri Annalena Berbokun
təşəbbüsü ilə Almaniyada reallaşan Azərbaycan və Ermənistan XİN
başçılarının görüşünü xatırlatmaq yerinə düşər. Bu, iki ölkənin
anlaşması üçün vacib təmas idi və buna görə də Azərbaycan
Almaniyaya təşəkkürünü də çatdırmışdı”.
“Bu gün Almaniya Azərbaycanın Cənubi Qafqazda müsbət rolunu,
sülh və təhlükəsizliyə, iqtisadi inkişafa gətirdiyi reallıqları
aydın görür, əlaqələrin genişlənməsinə çalışır. Həmçinin
Azərbaycanın güvənli, mövqeyinin dəyişməz olması, atdığı hər bir
imzasına yüksək dəyər verməsi dost ölkənin diqqətindən yayınmır. Bu
da dövlətlərimiz arasında xüsusən iqtisadi əməkdaşlığın
dərinləşməsinə səbəb olub. Azərbaycanda mövcud olan möhkəm sabitlik
və əlverişli investisiya mühiti Almaniya şirkətlərinin
diqqətindədir. Odur ki, bu ölkənin 249 şirkəti Azərbaycanda
qeydiyyata alınıb. Statistkaya baxsaq, görərik ki, Almaniyadan
bizim neft-qaz sektorumuza 53,4 milyon, qeyri-neft sektoruna isə
762,1 milyon dollar sərmayə yatırılıb. Azərbaycandan isə Almaniyaya
569,7 milyon dollar investisiya qoyulub. Bu da, təbii ki, yüksək
göstəricidir. Ölkələrimiz arasında ticarət dövriyyəsi də qənaətbəxş
səviyyədədir”, – Milli Məclisin deputatı qeyd edib.
AHİK sədri bildirib ki, dövlətimizin başçısı cənab İlham
Əliyevin Berlində keçirilən “Petersberq İqlim Dialoqu” formatındakı
müzakirələrə dəvət olunması bir yandan Azərbaycanın dünyada artan
nüfuzu, iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəklə
bağlıdırsa, digər tərəfdən bu, bilavasitə Prezidentimizin şəxsi
hörmətindən irəli gəlir: “Cənab İlham Əliyev tədbirdə çıxışında
COP29-la bağlı bəyan etdi ki, biz nəinki yaxşı tədbir təşkil
etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hər zaman
üzərinə düşən öhdəliklərə məsuliyyətlə yanaşan və ləyaqətlə icra
edən Azərbaycan COP29-a ev sahibliyini də mükəmməl səviyyədə təşkil
edəcək. Əminik ki, burada gəlinəcək qənaət və qəbul olunacaq
qərarlar iqlim dəyişikliyi ilə mübarizədə kifayət qədər effektli
olacaq. Ölkəmizin yaşıl enerji siyasəti uğurla icra olunur. Bu il
daha 1300 meqavat gücündə günəş və külək enerji stansiyalarının
tikintisinə başlanılacaq. Önümüzdə isə daha böyük hədəflər var.
İnanırıq ki, 2030-cu ilədək bu sahədə Azərbaycanda mənzərə tamam
fərqli olacaq, yüksək nailiyyətlərə imza atacağıq. Prezidentimiz
həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna da
toxundu və qarşıdakı planları açıqladı. Görünür, bu qitəyə təbii
qaz ixracımız artmaqdadır. 2027-ci ilə qədər ixracı 20 milyard
kubmetrə çatırmaq nəzərdə tutlub”.
“Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şoltsun birgə
mətbuat konfransı zamanı dövlətimizin başçısı jurnalistin
Azərbaycanda insan hüquqları və mətbuat azadlığı ilə bağlı ona
ünvanladığı sualını da cavablandırdı. Bilirik ki, insan hüquqları
dövlətimiz tərəfindən prioritet hesab edilən əsas mövzudur və
vətəndaşlarımızın bu aspektdə bütün hüquqları təmin olunur. Uzun
illərdir ölkəmizdə azad mətbuat formalaşıb, hər kəsin öz fikrini
tam sərbəst şəkildə ifadə edir. Üçdə bir hissəsi insan hüquq və
azadlıqlarına, onların təminatına həsr edilən Konstitusiyamız bu
azadlıqları ali dəyər kimi qiymətləndirir. Dövlətimiz də hər kəsin
hüquq və azadlıqlarının müdafiəsinə təminat verir”, – Səttar
Möhbalıyev fikrini tamamlayıb.





























