
Bakı. Trend:
Azərbaycanla Qırğızıstan arasında əlaqələrin inkişafı bizim üçün
çox əhəmiyyətlidir.
Bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab
Rzayev bildirib
Onun sözlərinə görə, Azərbaycan faktiki olaraq açıq şəkildə elan
edib ki, artıq biz Avropa inteqrasiya kursunu çox da
dəstəkləmirik.
“Bizim gələcək yolumuz türk dövlətlərinə inteqrasiyadan keçir.
Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, hərbi münasibətlər
qurulur. Qazaxıstan və Türkmənistanla enerji, nəqliyyat, logistika
sahəsində əməkdaşlığımız var. Son 2 ildə ölkələrimiz arasında
ticarət dövriyyəsi 2 dəfədən çox artıb”, – o deyib.
Ekspert qeyd edib ki, Qırğızıstanla iqtisadi-siyasi cəhətdən
əlaqələr hələ ki, zəifdir.
“Biz çalışırıq ki, gələcəkdə Qırğızıstanla siyasi və iqtisadi
əlaqələri yüksəldək. Bundan başqa, ölkələrimiz arasında tarixi,
milli, mədəni, dini məsələlərdə bağlılıq var. Prezident İlham
Əliyevin Qazaxıstan, Özbəkistan, Qırğızıstan səfərlərində
qarşılanma forması onu nümayiş etdirdi ki, ölkələr arasında
münasibətlər mənəvi bağa əsaslanır. Eyni şəkildə həm Qazaxıstan,
həm Özbəkistan prezidentlərinin Azərbaycana səfərlərində Qarabağda
məktəb tikmələri, infrastruktura yardım etmələri xüsusilə
əhəmiyyətlidir. Artıq Qırğızıstan da Azərbaycanın işğaldan azad
olunmuş ərazilərində tikinti-quruculuq işlərində iştirak edəcək.
Qırğızıstanın belə bir addım atması bizim üçün xüsusilə
əhəmiyyətlidir. Eyni zamanda Azərbaycanda Çingiz Aytmatovun abidəsi
qoyuldu. Bu da milli, mədəni, ədəbi münasibətlərə öz töhfəsini
verir”, – deyə o vurğulayıb.





























