
Bakı. Trend:
COP29-a ev sahibliyi etmək böyük məsuliyyətdir, və eyni zamanda
ölkə daxilində iqlim haqqında məlumatlılığın artırılmasına kömək
edir.
Trend xəbər verir ki, bu barədə Braziliyanın “Correio
Braziliense” qəzetinə müsahibəsində Azərbaycan Respublikası
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov
deyib.
“Bütün dünyanın üzləşdiyi ən böyük problemlərdən biri olan iqlim
dəyişikliyi və bütün ölkələrin üzləşdiyi bütün fəsadlardan söhbət
gedəndə, COP29 ən mühüm hadisə sayılır. Ölkəmiz iqtisadiyyatı təbii
qaz və neft kəşfiyyatına əsaslanan karbohidrogen ölkəsi kimi
tanındığından biz artıq bir neçə ildir ki, hökumətimizin strateji
məqsədlərindən biri olan yaşıl və bərpa olunan enerjiyə keçidi
təmin etməli olduğumuzu anlayırdıq”, – deyə o bildirib.
E.Əmirbəyov həmçinin qeyd edib ki, Azərbaycan Braziliya ilə
ticarət əlaqələrini gücləndirməyə çalışır:
“Braziliya, məsələn, iqtisadiyyatımız üçün çox vacib olan gübrə
sahəsində Azərbaycandan idxalı artıra bilər. Çoxlu təyyarə
aldığımız üçün aviasiya sənayesində də çox yaxşı əlaqələrimiz var.
Biz həm də turistlərin sayının artmasını istəyirik, çünki ölkənizi
təmsil etməyin ən yaxşı yolu birbaşa uçuşların olmasıdır və
dayanacaqları mümkün qədər qısaltmaq üçün məhz bunun üzərində
işləməli idik”.





























