
Bakı. Trend:
Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında
sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə
bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini
vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında
münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli
aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu
bildirib.
Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası
tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış
dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin
nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya
prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya
işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.
Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam
etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq
tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin
Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun
əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan
Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin
sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini
əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi
iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki,
Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya
olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını
dəstəkləyir.
Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında
ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini
ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq
məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində
Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə
maraqlı olduğunu vurğulayıb.
Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ
nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə
olunub.
Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə
bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı
olması ilə əlaqədar arzusunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində
öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların
davam etdirildiyini diqqətə çatdırıb.





























