
Bakı. Trend:
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində
keçirilən beynəlxalq tədbirlər davam edir. Aprelin 26-da
Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim
Dialoqu”nun Yüksək Səviyyəli Seqmenti də bu tədbirlərdən biri oldu.
Ölkə Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri Olaf
Şoltsun dəvətilə həmin tədbirdə iştirak edib”. Bu sözləri mətbuata
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, 2023-cü ilin dekabr ayının 11-də keçirilmiş
COP28-in plenar iclasında növbəti Tərəflər Konfransının
Azərbaycanda keçirilməsinə dair yekdil qərar qəbul edildikdən
dərhal sonra dünya mediasının bəzi təmsilçiləri və müəyyən QHT-lər
Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olaraq COP29-a
ev sahibliyi etməsinin məqsədəuyğunluğunu şübhə altına almaq üçün
səylər göstərməyə başladılar. “Lakin Prezident İlham Əliyev öz
çıxışlarında bu məsələyə dair sağlam düşüncəyə və real məntiqə
əsaslanan konkret dəlillər ortaya qoyaraq məhz qazıntı yanacağı ilə
zəngin ölkələrin yaşıl enerjiyə keçid və qlobal iqlim
dəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndə
getmələrinin zəruri olduğunu diqqət mərkəzinə çəkə bildi.
Bu məsələ dövlət başçımızın “15-ci Petersberq İqlim Dialoqu”nun
Yüksək Səviyyəli Seqmentində etdiyi çıxışında da öz əksini tapıb.
Cənab Prezident bir daha vurğulayıb ki, faydalı qazıntı ilə zəngin
olan ölkələr, ilk növbədə, həmin ehtiyatları ölkənin inkişafına,
yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlı
tutulan hədəflərə yönəltmələrinə görə dəyərləndirilməlidirlər.
Digər tərəfdən, zəngin neft və qaz ehtiyatları olan ölkənin eyni
zamanda yaşıl enerji istehsalı ilə bağlı məsələlərdə önə keçməsi
təzadların sintezi effektini verərək əlverişli həmrəylik mühiti
yarada bilər. Nəzərdən qaçırılması yol verilməz olan daha bir
məsələ Avropanın özündə təbii qaza olan tələbatın getdikcə artması
ilə bağlıdır. Azərbaycanın nefti və qazı Avropa bazarlarına hələ
uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və
Azərbaycan arasında imzalanmış enerji sahəsində Strateji
Tərəfdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə
qədər Avropa İttifaqına ölkəmizdə qaz ixracı 20 milyard kubmetrə
çatmalıdır. Əlbəttə ki, bu geosiyasi durumda həmin məsələ
Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür”.
K.Qafarov deyib ki, Prezident İlham Əliyevin aprelin 26-da
Berlində mətbuata bəyanatında əks olunmuş ən vacib məqamlardan biri
də regional təhlükəsizlik və sülh məsələləri ilə bağlı olub:
“Dövlət başçımız qəti və birmənalı şəkildə bildirdi ki, hazırda
Ermənistanla davam etdirilən sülh danışıqlarını Azərbaycan yüksək
qiymətləndirir. Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərin
delimitasiyası və hətta demarkasiyası prosesinə başlanması, 1990-cı
və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geri
qaytarılması, Azərbaycanda yaradılmış Rusiya-Türkiyə Birgə
Monitorinq Mərkəzinin də artıq öz fəaliyyətini dayandırması – bütün
bunlar sülhə doğru atılan önəmli addımlardır.
Bir vacib məqam da nəzərə alınmalıdır ki, ölkəmiz COP29-un
Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürərkən
Ermənistan və Bolqarıstan da öz namizədliklərini vermişdilər. Lakin
aparılan danışıqların nəticəsi olaraq əvvəlcə Ermənistan və ondan
sonra da Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliklərini geri
çəkdilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün sülhə
nail olmaq üçün çox yaxşı fürsətlər var və Azərbaycan bu işdə
səmimi köməklik göstərmək istəyən ölkələrlə əməkdaşlığa daim
hazırdır”.





























