Advertisement

Aktivləşən “Böyük Oyun”un ən təhlükəsiz seçimi – Azərbaycanın Mərkəzi Asiyada əhəmiyyəti artır

Bakı. Trend:

Mövcud geosiyasi vəziyyətdə dünyanın aparıcı dövlətləri, xüsusi
ilə Avropa İttifaqı və ABŞ kritik xammala (nadir metallara) nail
olmaq üçün ciddi mübarizə aparırlar. Bu istiqamətdə artıq Avropa
İttifaqı regionun bir sıra dövlətləri ilə əməkdaşlığı
dərinləşdirməyə başlayıb. Bunlardan biri də ilk növbədə
Özbəkistandır.

Trend xəbər verir ki, cari ilin 5
aprel 2024-cü il tarixində Özbəkistan və Avropa İttifaqı arasında
kritik xammal sahəsində dayanıqlı dəyər zəncirlərinin inkişafı üçün
qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Bu müqavilə, Özbəkistanın
mədən sənayesinin inkişaf etməsinə təsir göstərəcək, həmçinin
Avropa İttifaqının mis və molibden kimi mineralları əldə etməyə
nail olacağı gözlənilir. Növbəti mərhələdə tərəflər operativ yol
xəritəsinin yaradılması üzrə birgə fəaliyyət göstərəcəklər.

Şəkil 1. Özbəkistanın investisiya, sənaye və ticarət
naziri Laziz Kudratov və Avropa Komissiyasının icraçı
vitse-prezidenti Valdis Dombrovskis.

Son illərdə Avropa dövlətlərinin nümayəndələri, xüsusi ilə
Fransa və Almaniya rəsmilərinin Özbəkistan başda olmaqla Mərkəzi
Asiyaya səfərləri intensivləşməyə başlayıb. Məsələn, 2 noyabr
2023-cü il tarixində Fransa prezidenti Emmanuel Makronun
Özbəkistana səfəri strateji məsələləri əhatə edirdi. Almaniyanın
isə iqtisadi maraqları Özbəkistanda fəaliyyət göstərən böyük
şirkətlərin sayını artırmaq və yeni investisiya layihələrini
genişləndirməkdir. Olaf Şolts və Şövkət Mirziyoyevin son görüşü
nəticəsində 9 milyard dollarlıq ticarət, investisiya və texnologiya
sazişi imzalanıb. Tarixi “Böyük Oyun”-un bu dəfə
müstəqil şəkildə iştirakçısına çevrilən Mərkəzi Asiya ölkələri üçün
hazırda geniş fürsətlər var. Lakin regionda böyük güclərin fərqli
maraqları olduğu üçün bu, müstəqil dövlətlər üçün əlavə risklər də
təşkil edir. Burada geosiyasi balansa təsir göstərən faktorlardan
biri- nadir metal ehtiyatlarının olmasıdır. Çünki kritik xammal
uğrunda böyük qüvvələr arasında ciddi qarşıdurma izlənilir və bu
vəziyyətin gələcəkdə də davam etməsi proqnozlaşdırılır. Avropanın
qarşıdurma vəziyyətində olduğu Rusiyadan kritik xammal
məhsullarından asılılığını azaltma cəhdləri və Çinin bu sahədə
qlobal istehlakçılardan biri olması rəsmi Brüssel üçün
çağırışdır.

Kritik xammal və ya nadir metallara sahib olan
Özbəkistan niyə Aİ-nın strateji tərəfdaşına çevrilir?

Kritik xammal (Critical row materials)
və ya nadir metallar bir çox strateji və kritik əhəmiyyət kəsb edən
aviasiya komponentləri, civə buxar lampaları, lazerlər,
mikrodalğalı filtirlər, akkumulyator elektrodları, nüvə
batareyaları və s. sahələrdə, həmçinin, bərpa olunan enerji
avadanlıqlarının istehsalında (günəş panelləri, külək turbinləri,
elektromobillər) da istifadə olunur. Avropa üçün yeni yataqların
kəşfi ilə məşğul olmaqdansa, artıq sovet dövründə tədqiq edilmiş və
təsdiqlənən yataqlardan istifadə etmək daha əlverişlidir.

Qərbin Özbəkistana olan yüksək diqqətinin səbəblərindən biri də
ölkənin zəngin mis yataqlarıdır. Avropa üçün bu resursların
iqtisadi əhəmiyyəti yüksəkdir. Eyni zamanda, Aİ-nın iqlim
hədəflərinə nail olmaq səyləri təhlükə altında olduğu üçün rəsmi
Brüssel alternativ çıxış yolları tapmağa cəhd edir.

Açıq mənbələrdə təsdiq olunan qlobal çapda nadir metal yataqları
Çin, Hindistan, Rusiya və Braziliya ərazilərində yerləşir. Qərb
mətbuatının yaydığı məlumatlara görə, Çin nadir metal istehsalı
sahəsində dominantlığını qoruyur və rəqabət yaradır. Bunu təhlükə
kimi qiymətləndirən Avropa İttifaqı bu baxımdan Mərkəzi Asiya
regionunda yerləşən dövlətlər ilə yeni sövdələşmələrə və layihələrə
xüsusi diqqət göstərir.

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen
parlamentdə çıxışı zamanı “Tezliklə litium və nadir metallar neft
və qazdan daha vacib olacaq. 2030-cu ilə qədər nadir metallara
tələbat 5 dəfə artacaq…”. Neft və qazda olduğu kimi yeni asıllığa
düşməməliyik deyə bildirməsi təsadüfi xarakter daşımır. Beləliklə,
Avropanın yeni və etibarlı təchizatçı axtarışında olduğu
şübhəsizdir. Bütün bunlar nəzərə alındıqda Mərkəzi Asiya yeni
qlobal oyunçu olaraq diqqəti cəlb edir və Özbəkistan, həmçinin
Qazaxıstan xarici investorların ölkəyə daxil olmasını müsbət
qarşılayır.

Nəqliyyat-logistika strateji əhəmiyyət
daşıyır

Qərb dünyası üçün həyati əhəmiyyət kəsb edən xammalın
daşınmasında, təbii olaraq, sabit, adekvat daşınma istiqamətləri
mövzusu da xüsusi ilə aktuallaşır. Bu baxımdan Mərkəzi Asiyanın
Avropa ilə kritik xammal təchizatını Azərbaycan üzərindən
reallaşdırması ən uyğun və təhlükəsiz seçim sayıla bilər. Hələki
tərəflər bu məsələ ilə bağlı mətbuata rəsmi çıxışlar etməyiblər.
Avrasiyada davam edən qlobal dəyişikliklər və mübarizə diqqətə
alındıqda Rusiya Federasiyası üzərindən keçən ənənəvi xəttin
Ukraynada davam edən müharibə səbəbindən artıq aktuallığını
itirdiyini görmək mümkündür. Digər tərəfdən İran İslam Respublikası
üzərindən keçə biləcək nəqliyyat dəhlizinin isə rəsmi Tehranla Qərb
arasında münasibətlərin tarixi və proqnozlaşdırıla bilməyən
xarakteri nəzərə alındıqda dayanıqlı olmayacağı aydındır. Elə
fikrin davamı kimi, nadir metalların Qərb istiqamətində ixracatı,
çox güman ki, Orta Dəhliz və ya digər adla Trans-Xəzər
Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində
reallaşa
bilər. Nəhayət, belə olduqda, sabit, güvənilir və gərəkli
infrastruktur imkanlarına malik olan Azərbaycanın tranzit ölkə kimi
rolu və əhəmiyyəti artır və rəsmi Bakı bu strateji layihəni
dəstəkləyir.

Beləliklə, Avropa üçün həyati əhəmiyyət kəsb edən kritik xammal
resurslarının Mərkəzi Asiya ölkələrindən qərb istiqamətində
dayanıqlı ixracının məhz Azərbaycan üzərindən reallaşması
mümkündür.