Bakı. Trend:
Avropanın nüfuzlu nəşri olan “Europorter” Azərbaycan Avropanın
enerji təhlükəsizliyində rolu ilə bağlı məqalə dərc edib.
Trend xəbər verir ki, məqalədə mövcud geosiyasi qeyri-sabitlik
fonunda Avropanın alternativ enerji mənbələri axtararkən, Xəzər
dənizinin sahilində etibarlı və iddialı ölkə olan Azərbaycana
diqqətini artırdığını bildirilib.
Məqalədə odlar diyarı, qədim adət-ənənələri və geniş
perspektivləri olan Azərbaycanın təkcə bənzərsiz təbiəti və zəngin
mədəniyyəti ilə deyil, həm də müxtəlif təbii sərvətlərin, o
cümlədən təbii qazın böyük ehtiyatlarına malik olduğu vurğulanıb.
Qeyd edilir ki, hər keçən gün Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində Azərbaycanın rolu getdikcə böyüyür. Xəzər
dənizinin neft və qaz ehtiyatları uzun müddətdir ki, qlobal
liderlərin diqqətini cəlb edir.
Məqalədə regionun enerji geosiyasətində mühüm mərhələ olan,
1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nə diqqət
çəkilib. Bildirilib ki, Azərbaycanın o zamankı prezidenti Ümumilli
Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış bu
müqavilə siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm
sazişlərdən biridir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin
müqaviləsi”nə 8 ölkədən – Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya,
Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı və Yaponiyadan 13 iri
beynəlxalq neft şirkəti cəlb edilib.
“Bu illər ərzində Azərbaycan özünü etibarlı və vicdanlı tərəfdaş
kimi sübut edib, Avropanı təkcə neftlə deyil, həm də qazla təmin
edib. Xəzərin mavi yanacağı bir sıra Avropa ölkələri üçün
sabitliyin açarına çevrilib. Regionun artan tələbatına cavab
olaraq, tərəflər 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ildə 20
milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər. Müvafiq
memorandum 2022-ci ilin yayında Prezident İlham Əliyev və Avropa
Komissiyasının sədri Ursula Fon der Lyayen tərəfindən imzalanıb”, –
deyə məqalə müəllifi qeyd edib.

Müəllif diqqətə çatdırır ki, ölkədə təsdiqlənmiş təbii qaz
ehtiyatları 2,6 trilyon kubmetr, proqnozlaşdırılan ehtiyatlar isə 3
trilyon kubmetrə yaxın qiymətləndirilir. Azərbaycandan Avropaya
təbii qazın əsas mənbəyi nəhəng “Şahdəniz” yatağıdır, lakin
gələcəkdə “Babək”, “Ümid”, “Qarabağ”, “Abşeron” kimi digər
yataqların da cəlb edilməsi planlaşdırılır. “Abşeron”dan ilk qaz və
kondensat 2023-cü ilin iyulunda alınıb və “Azəri-Çıraq-Dərinsulu
Günəşli” yatağının işlənməsi layihəsi çərçivəsində bu il qaz
hasilatına başlanılması nəzərdə tutulub. İlkin olaraq yarım milyard
kubmetrə yaxın hasilat nəzərdə tutulur, lakin gələcəkdə həcmlərin
beş dəfə arta biləcəyi bildirilib.

Məqalədə qeyd olunur ki, bu gün Azərbaycan qazını Gürcüstan,
Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və
İtaliya, İtaliya vasitəsilə isə Almaniya, Böyük Britaniya, Fransa
və İsveçrədən bir neçə iri enerji şirkətləri alır. Albaniya,
Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali
Makedoniya da qaz almaqda maraqlıdır. Bundan əlavə bildirilib ki,
Rumıniya Azərbaycandan mayeləşdirilmiş təbii qaz (LNG) almaqda
maraqlıdır. Bu perspektivli layihənin Gürcüstanın Qara dəniz
limanlarından birində yerləşən SOCAR terminalında LNG-nin
istehsalını və onun mayeləşdirilmiş formada Rumıniyanın Konstansa
limanına çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub.
Vurğulanır ki, Azərbaycan qazına belə yüksək tələbat təəccüblü
deyil: “İnvestorları Azərbaycanın etibarlılığı, sabitliyi və
inkişaf etmiş infrastrukturu cəlb edir. Ticarət və logistika
zəncirlərinin pozulduğu, bəzi dövlətlərin birtərəfli qaydada
müqavilələrə xitam verdiyi pandemiya dövründə də Azərbaycan bütün
öhdəliklərini yerinə yetirdi. Uzunmüddətli müqavilələr siyasəti
Azərbaycana tədarükün proqnozlaşdırıla bilənliyini və
etibarlılığını təmin etməyə imkan verir”.
Müəllif diqqətə çatdırır ki, Azərbaycan uzun illər ərzində neft
– qaz infrastrukturunun inkişafına sərmayə yatırıb və bu səylərin
tacı uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin açılması
olub. Azərbaycan artıq Əlcəzairdən sonra İtaliyaya ikinci ən böyük
qaz tədarükçüsünə çevrilib. Ümumiyyətlə, Azərbaycan qazının ixrac
marşrutunun getdikcə şaxələndiyi qeyd olunub. Bildirilir ki,
Azərbaycan tərəfdaşlığının sabitliyi və etibarlılığı bugünkü
təlatümlü dövrdə xüsusilə qiymətlidir, həmçinin Avropa İttifaqı
ölkələri uzunmüddətli və sabit mənbə kimi Azərbaycan qazına
getdikcə daha çox maraq göstərirlər.
Məqalədə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının önəmindən bəhs
olunub. Bildirilir ki, Məşvərət Şurası təkcə Cənub Qaz Dəhlizi
çərçivəsində fəaliyyətlərin əlaqələndirilməsində deyil, həm də
iştirakçı ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində və
gələcək addımlarının müzakirəsində mühüm rol oynayaraq müasir
çağırışlara adekvat cavab verməyə kömək edir.

“Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinə və enerji mənbələrinin şaxələndirilməsinə
töhfəsi böyükdür. Azərbaycan və Avropa İttifaqı arasında bu sahədə
strateji tərəfdaşlıq bütün regionun sabitliyinə və davamlı
inkişafına töhfə verərək inkişaf etməkdə davam edəcək. Azərbaycan
təkcə qaz ixracatçısı deyil, həm də bərpaolunan mənbələrdən
potensial enerji ixracatçısıdır. Həmçinin iqtisadiyyatı
şaxələndirməyə və gələcəyə sərmayə qoymağa çalışan ölkədir.
Azərbaycan qlobal enerji bazarında uzunmüddətli əməkdaşlığa və
qlobal çağırışların həllinə hazır olan məsuliyyətli oyunçu kimi
özünü sübut edib. Bundan əlavə, Azərbaycan neft-qaz diplomatiyası
tarixində öz parlaq və əlamətdar izlərini qoyub. Bu gün Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsində onun rolu getdikcə daha
çox əhəmiyyət kəsb edir”.





























