
Bakı. Trend:
Ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə
dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev
Fondunun icraçı direktoru Anar Ələkbərovun görüşündə iki qurum
arasındakı əməkdaşlıq, eyni zamanda bu əməkdaşlığın dövlətlərarası
və xalqlararası əlaqələrin inkişafına verəcəyi töhfə müzakirə
edilib.
Trend xəbər verir ki, Anar
Ələkbərov Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın
ötən illərdə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq
Assosiasiyasının rəhbərliyi ilə görüşlərini xatırladıb,
Azərbaycan-Çin dostluq və əməkdaşlığının genişlənməsinə dair iki
qurum arasında imzalanan Memorandumu, həyata keçirilən layihələri
qeyd edib.
Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının Heydər
Əliyev Fondunun strateji tərəfdaşı olduğu, bu il hər iki qurumun
yubileyinin – Heydər Əliyev Fondunun yaranmasının 20, Xarici
ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının 70 illiyinin qeyd
edilməsinin isə bir rəmzi məna daşıdığı bildirilib.
Ölkəmizə Heydər Əliyev Fondunun dəvəti ilə səfər etdiyini deyən
Yan Vanmin Azərbaycan Prezidentinin Çinlə əlaqələrə xüsusi önəm
verdiyini, budəfəki görüşlərin və müzakirələrin Azərbaycanla Çin
arasında əməkdaşlığın genişlənməsinə əlavə təkan olacağını qeyd
edib. Görüşdə Heydər Əliyev Fondunun 20 illiyi ilə əlaqədar Xarici
ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası tərəfindən Fondun
Prezidenti Mehriban Əliyevaya ünvanlanan təbrik məktubu təqdim
olunub.
Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq
Assosiasiyası arasında əməkdaşlığın əhatəsinin genişlənməsinə
yönələn sahələr nəzərdən keçirilib. Dövlət səviyyəsində möhkəm
təmələ söykənən əlaqələrlə yanaşı iki xalq arasında əlaqələrin,
xalq diplomatiyasının da genişlənməsinin vacibliyi vurğulanıb.
Qonaq bu istiqamətdə Heydər Əliyev Fondunun böyük rol oynayacağını
bildirib. Azərbaycan və Çində mədəniyyət günlərinin təşkili,
mədəniyyət sahəsində müxtəlif tədbirlərin keçirilməsi, gənclərin,
eyni zamanda yeni media nümayəndələrinin qarşılıqlı səfərləri,
şəhərlərarası əməkdaşlıqların artırılması təklif olunub.
Ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi müzakirə edilən
məsələlərdən biri olub. Bildirilib ki, Çin Xalq Respublikası, o
cümlədən Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası COP29
çərçivəsində lazımi dəstək göstərməyə və əməkdaşlığa hazırdır.
Heydər Əliyev Fondunun nümayəndə heyəti Xarici ölkələrlə dostluq
üzrə Çin Xalq Assosiasiyasının 70 illiyi ilə əlaqədar tədbirlərdə
iştirak üçün Çinə dəvət olunub.
Görüşdən sonra qonaqlar Heydər Əliyev Mərkəzindəki
ekspozisiyalar – “Azərbaycan xalçası-ilmələrin rəqsi”, “Mini
Azərbaycan”, “Musiqi alətləri: birlik və müxtəliflik”, “Klassik
avtomobillər” sərgiləri ilə tanış olublar.





























