Advertisement

Cenevrədə Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib

Bakı. Trend:

29 aprel 2024-cü il tarixində minatəmizləmə sahəsində donor
ölkələrin əlaqələndirmə formatı olan “Minatəmizləməyə Dəstək üzrə
Qrup”un Cenevrə şəhərində keçirilmiş iclasında Azərbaycana
minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə
edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər
Nazirliyindən məlumat verilib.

İclasda iştirak edən Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyi və ANAMA-nın nümayəndələri Ermənistan tərəfindən
ölkəmizdə törədilmiş dağıntı və mina probleminin miqyası, mina
qurbanları, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər və
çətinliklər, ehtiyac duyulan xarici yardımlar və mina problemi
sahəsində Azərbaycanın beynəlxalq fəaliyyəti haqqında toplantı
iştirakçılarını məlumatlandırıblar.

Azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışına,
işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma
işlərinə, əhalinin təhlükəsizliyinə birbaşa təsir edən mina
probleminin tezliklə aradan qaldırılmasına lazımi ölçüdə xarici
dəstəyin göstərilməsinin zəruri olduğu diqqətə çatdırılıb.

Bu yardımın humanitar həmrəyliyin şərti kimi inkişaf, sülh və
barışığa yardım edə biləcəyi iclas zamanı vurğulanıb.

Tədbirdə ölkəmizdəki mina probleminin bu və ya digər aspektləri
haqqında fikir mübadiləsi aparılıb və bu məsələ üzrə problemlərin
həlli məqsədilə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.