Advertisement

Erməni kilsəsi müharibə və qan istəyir: Paşinyan indi nə edəcək?

Ermənistanda baş verən hadisələr, yaşanan proseslər
sadəcə, kənardan idarə olunan “müxalifət qrupları”nın hakimiyyətə
qarşı müqaviməti deyil. Ölkədə Erməni Apostol Kilsəsi (EAK) ilə baş
nazir Nikol Paşinyan arasındakı qarşıdurma artıq düşmənçilik
səviyyəsinə çatıb.

2020-ci ilin dekabrında Ermənistanın Sünik (Zəngəzur) vilayətinə
səfər zamanı Nikol Paşinyan Ssiyanda kitlsəyə baş çəkmişdi. Kilsədə
şam yandıran baş nazir keşişə yaxınlaşaraq onun əlini sıxıb
görüşmək istəyəndə keşiş nümayişkaranə şəkildə əllərini qaldırmış,
görüşməkdən imtina etmişdi.

Təəccüblü heç nə yoxdu: 44 günlük İkinci Qarabağ Müharibəsindən
sonra bütün ermənilərin Katolikosu 2-ci Qaregin açıq və sərt
şəkildə hakimiyyəti tənqid etməyə başlayanda hökumətlə kilsə
arasındakı əlaqələr büsbütün pozulmuşdu.

2021-ci ildən başlayaraq isə N.Paşinyan katolikos 2-ci Qaregini
ad günü münasibətilə təbrik etməkdən imtina edib. N.Paşinyanın
nəzarətindəki mediaya və xüsusilə də Ermənistan İctimai
Televiziyasına katolikos 2-ci Qareginin fəaliyyəti barədə minimum
məlumatlar vermək, ondan müsahibələr almamaq tapşırılmışdı.

Ötən il Ermənistanda hakimiyyətlə kilsə arasındakı qarşıdurma
pik həddə çatıb.

Nikol Paşinyan bəyan etmişdi ki, kilsə heç bir halda dövlətdən
yüksək ola bilməz.

“Kilsə ilə dövlətin funksiyalarının qarışmasından təhlükəli heç
nə yoxdur. Bir çox məsələlərdə kəsişmələr olsa da, dövlət öz işi
ilə, kilsə öz işi ilə məşğul olmalıdır. Erməni Apostol Kilsəsi
siyasi fəaliyyətlə məşlğul olmaq istəyirsə, buyursun, Ermənistan
demokratik ölkədir, onlar özlərinə siyasi partiya yarada bilərlər.
Hər halda bu, siyasi rəqiblərə və seçicilərə münasibətdə daha
vicdanlı davranış olardı”, – N.Paşinyan söyləmişdi.

Erməni kilsəsinitn cavabı sərt olmuşdu.

“Əgər kimsə dinşünaslıqla məşğul olmaq istəyirsə, Dini
Seminariyaya daxil olmağa cəhd göstərə bilər. Təbii, təhsil həddini
aşarsa və səhhətinin nisbətən yaxşı olması ilə bağlı inandırıcı
arqumentlər göstərə bilərsə”, – Erməni Kilsəsinin dəftərxanasının
rəhbəri Arşak Xaçatryan bəyan etmişdi.

32 ildən bəri Ermənistanın işğalında olan 8 kəndimizin azad
edildərək geri qaytarılması məsələsi gündəmə gələndə isə Erməni
Apostol Kilsəsi (EAK) birmənalı olaraq N.Paşinyana qarşı radikal
mövqe tutdu.

EAK sürəkli bəyanatlar verərək bildirdi ki, həmin kəndlər – sən
demə – “qədim və tarixi erməni əraziləridir, heç bir halda
Azərbaycana verilə bilməz”.

Xatırladaq ki, 1990-cı illərin əvvəllərində ermənilər Azərbaycan
ərazisində səkkiz kəndi işğal edib. Onlardan 4-ü – Baqanis Ayrım,
Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu
ərazisindədir.

Üç kənd – Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan
əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav
Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

EAK-ın ifrat radikal və sərt mövqeyi təbii ki, Ermənistan
hakimiyyətinin səbr kasasının daşmasına səbəb olmuşdu.

“Müqəddəs Eçmiədzin 10 xristian öhdəliyindən ən azı birini –
“Yalan danışma!”nı – pozur. Onlar bilərəkdən, qəsdən yalan
məlumatlar və dezinformasiya yayır, cəmiyyətdə çaşqınlıq yaratmağa,
kütləvi etirazlara təkan verməyə çalışırlar”, – Ermənistanda
iqtidarda olan “Mülki Müqavilə” Partiyasından deputat Vaahn
Aleksanyan söyləmişdi.

Onun sözlərinə görə, erməni xalqı dünyanın müxtəlif ölkələrində
offşor şirkətlərə və milyonlarla dollarlıq sərvətə malik
arxiyepiskoplara, keşişlərə yox, Nikol Paşinyana inanır.

Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı
kəndlərinin azad edilərək Azərbaycana təhvil verilməyə
hazırlaşdırılmasına başlamasından sonra EAK az qala isteriyaya
qapılıb.

Ermənistan Ordusunun hərbçiləri bu kəndlərin ətrafındakı
mövqeləri tərk edəndən və ərazinin minalardan təmizlənməsi
proseduruna başlanandan sonra Erməni Apostol Kilsəsinin Tavuş
yeparxiyasının rəhbəri keşiş Baqrat Qalstən (Srbazan) olay yerinə
yollanıb.

Artıq iki həftədir ki, keşiş Baqrat həmin ərazilərdəki
ermənilərlə Kiran və Aşağı Əskipara kəndlərinin arasındakı əraziyə
İrəvandan, habelə Ermənistanın müxtəlif yerlərindən gələn
“etirazçı”ların rəhbərinə, az qala ideoloquna çevrilib.

Yolu kəsməyə çalışan və fasiləsiz etiraz aksiyası keçirənlər
arasında Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj
Sarqsyanın adamları, Xankəndindəki sabiq terrorçu xuntanın
mənsubları, siyasi arenada yenidən yer tutmağa çalışanlar,
Rusiyadakı erməni icmasının rəhbərlərinin muzdlu şərtlərlə ezam
etdikləri şəxslər və s. var.

Etiraz aksiyalarına rəhbərlki edən, planlaşdırmanı aparan və
maliyyələşdirən strukturlardan biri Ermənistan Apostol
Kilsəsidirsə, bilavasitə Tavuş (Tovuzqala) rayonundakı aksiyalara
keşiş Baqrat “mənəvi rəhbər”lik edir.

Yaşananlar, qeyd etdiyimiz kimi, təsadüflər zənciri yox, yaxşı
düşünülmüş prosesdir.

Əsrlərdən bəri dünya erməniliyini birləşdirən mərkəz rolunu
oynayan Erməni Apostol Kilsəsi tarix boyu osmanlı türklərinə və
xalqımıza qarşı ən məkrli, çirkin əməllərin, planların və
ssenarilərin hazırlanmasında bilavasitə iştirak edib.

Qarabağ münaqişəsinin alovlanmasının, qarabağlı erməni
separatçılığının, Ermənistanın işğalçılıq planlarının və ərazi
iddialarının da müəllifi bilavasitə Erməni Kilsəsidir.

Monofizit dini ideologemlərə əsaslanan, xristianlığın bütün
başqa yönlərindən kəskin fərqlənən və özündən savayı heç bir
xristian kilsəsini “kamil” saymayan Erməni Apostol Kilsəsi
katolizimdə, pravoslavlıqda, lüteranlıqda, anqlikan kilsəsində və
s. az qala təriqət, sekta hesab olunur.

Kilikiya və Eçmiədzin kimi iki mərkəzə malik olaraq parçalanmış
Erməni Kilsəsi monofizit ruhda olduğundan, məsələn, pravoslavlığa
görə, erməni keşiş yalnız tövbədən sonra «normal xristian» sayıla
bilər.

Təbii ki, bütün bunlar teologiyadır və dinşünaslıqla bağlı
məqamları geniş şərh etmək niyyətində deyilik.

Ancaq Ermənistanda yaşanan son proseslər əsrlərdən bəri erməni
cəmiyyətinə hakim olan təhlükəli ideyaların hələ də qüvvədə
olduğunu, Erməni Apostol Kilsəsinin reallıqdan uzaq durmaqda
israrlı olduğunu və ən pisi – qonşu ölkədə gərginliyi maksimum
həddə çatdırmaq niyyətindən əl çəkmədiyini görürük.

Erməni din xadimləri, xüsusilə də Tavuşda və Zəngəzurdakı
keşişlər revanşist ideyaların təbliğatçısı olmaqla yanaşı, aşkar
şəkildə yeni müharibə tələb edirlər.

Onların illüziyalarında Ermənistanın sərhədləri Kür çayının qərb
sahillərindən başlayaraq Türkiyənin Trabzon və Şanlıurfa
vilayətlərində başa çatır. Üstəlik, bu illüziya aralıq arzudur:
Eçmiədzin ermənilərə “Böyük Ermənistan” idefiksini tarixi gerçək
qismində təqdim edərək, reallıq əvəzində xam xəyallarla yaşamağın
daha üstün olduğunu aşılamağa çalışır.

Azərbaycanla sülh sazişinin imzalanmasını, şərti dövlət
sərhədinin demarkasiya və delimitasiya prosesini, Zəngəzur dəhlizi
layihəsinin gerçəkləşməsini, Türkiyə ilə münasibətlərin
normallaşmasını “xəyanət” kimi qələmə verən Erməni Apostol Kilsəsi
hazırda Nikol Paşinyan hakimiyyətinə düşmən kəsilib.

Rəsmi İrəvan bu təhlükənin öhdəsindən gələ biləcəkmi?

Cavab az sonra bilinəcək.