
Bakı. Trend:
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il
sentyabrın 22-də BMT-in Nyu-Yorkdakı və dekabrın 14-də isə
Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni
təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər
təşkilatın Vyana ofisində davam edir.
Trend xəbər verir ki, aprelin 30-da BMT-nin Vyana ofisində
“Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun
insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans
təşkil olunub.
Bakı Təşəbbüs Qrupu tərəfindən keçirilən tədbirdə dövlətlər
daxilində və arasında bərabərsizliklərin, davamlı inkişaf
problemlərinin aradan qaldırılmasına dair məsələlər müzakirə
ediləcək.
Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin
diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ
də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin – Yeni
Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika,
Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti
kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik
tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin
nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak
edirlər.
Tədbirin əsas ideyası müstəmləkəçi ölkənin məqsədyönlü mədəni
assimilyasiya siyasətini tənqid etməklə ondan maksimum dərəcədə
xilas olmaqdır.
Konfrans çərçivəsində “Assimilyasiya siyasətinin yerli icmalara
mənfi təsiri”, “Dekolonizasiya prosesində hüquqi çərçivələr və
beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarının inkişafı” və
“Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” mövzularında
üç paneldə müzakirələr aparılacaq.
Bu gün Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi
assimilyasiya konsepsiyası iki əsas xətt üzrə təhlil olunacaq,
müstəmləkəçilliyin yerli icmalar üzərindəki mənfi təsirlərinə və bu
prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsinə dair fikir
mübadilələri aparılacaq.
Konfrans assimilyasiyanın təsirlərinin azaldılması ilə milli
kimliyə olan təhdidlərin azalmasına və dekolonizasiya istiqamətində
gözlə görünə bilən nəticələrin əldə edilməsinə imkan verəcək. Bu
tədbir Fransanın keçmiş və hazırkı koloniyalarından gəlmiş
iştirakçılar tərəfindən gənc nəsillər üçün yerli mədəniyyətin
qorunub saxlanmasına və maariflənməyə yönəlmiş gələcək layihələrin
işlənilməsi istiqamətində mühüm başlanğıc olacaq.
Konfrans çərçivəsində əlaqələrin inkişaf perspektivlərinin
müəyyənləşdirilməsi və əməkdaşlığının genişləndirilməsi məqsədilə
Fransız Polineziyasının “Tavini Huiraatira” siyasi partiyası ilə
Bakı Təşəbbüs Qrupu arasında memorandum imzalanacaq.
Tədbirin sonunda beynəlxalq təşkilatlara açıq məktub
ünvanlanacaq.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik və yeni
müstəmləkəçilik istiqamətində əsaslı mövqe ortaya qoyaraq Fransanın
xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəsini
dəstəkləyə davam edir.





























