Advertisement

COP29 Mərkəzi Asiya və Ərəb ölkələri ilə alternativ enerji sahələrində əməkdaşlıq üçün platforma ola bilər – Ceyhun Bayramov

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Ərəb Dövlətləri
Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və
İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxış edib.

XİN-dən Trend-ə verilən məlumata görə, Azərbaycanın tarixi və
mədəni tellərlə bağlı olduğu Mərkəzi Asiya və Ərəb ölkələri ilə
diplomatik və iqtisadi münasibətlərin inkişaf perspektivlərindən
bəhs edən nazir Ceyhun Bayramov, Forum çərçivəsində aparılan
müzakirələrin müxtəlif, o cümlədən, enerji təhlükəsizliyi,
nəqliyyat, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi
üzrə əməkdaşlıqla bağlı konkret yol xəritəsinin formalaşmasına
töhfə verdiyini qeyd edib.

Azərbaycanın geniş anlamda regionda güclü iqtisadiyyatların
qurulması, habelə qlobal çağırışlarla mübarizə sahəsində birgə
fəaliyyətə hər zaman hazır olduğu vurğulanıb.

Azərbaycanın Avrasiya məkanında istər Orta Dəhliz vasitəsilə
Mərkəzi Asiyadan keçməklə Avropa və Çin arasında, istərsə də Körfəz
ölkələrinə qapı açmaqla Şimal və Cənub arasında strateji yerləşmə
mövqeyi, infrastruktur imkanları və biznes yönümlü şəraitinin
regional əməkdaşlıq və bağlantıların inkişafı üçün mərkəz kimi
diqqət çəkdiyi bildirilib.

Xüsusilə, geniş alternativ enerji potensialına malik olan
ölkəmizin bu sahədə sərmayələrin təşviqinə əhəmiyyət verdiyi, bu
istiqamətdə artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, habelə
Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri ilə birgə bərpaolunan
enerji layihələrinin reallaşdırılmasının əhəmiyyəti qeyd
olunub.

Ölkəmizin alternativ enerji ixracı, habelə Avropanın enerji
təhlükəsizliyinə daha bir töhfəsi ola biləcək Qara Dəniz Sualtı
Kabel təşəbbüsünün irəlilədilməsindən bəhs edən nazir Ceyhun
Bayramov, bu layihədə həmçinin digər Xəzər hövzəsi ölkələrinin
iştirakı üçün potensialın olduğunu diqqətə çatdırıb.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, COP29
sədrliyimiz zamanı ölkəmizin Qoşulmama Hərəkatına rəhbərliyi
təcrübəsindən istifadə edərək, müxtəlif inkişaf səviyyələrinə malik
“Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlı
olduğunu bildirib. COP29-un öz növbəsində Mərkəzi Asiya və Ərəb
ölkələri ilə alternativ enerji, iqlim yönümlü kənd təsərrüfatı və
təbii fəlakət risklərinin öyrənilməsi sahələrində əməkdaşlıq üçün
platforma ola biləcəyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə
mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan
genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid
törədən mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında
normallaşma prosesi barədə ətraflı məlumat verib. Ölkəmizin
tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqlarının Cənubi
Qafqazda dayanıqlı sülh və sabitliyə hesablandığı, habelə
delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların
da nümayiş etdirdiyi kimi qarşılıqlı şəkildə qəbul oluna bilən
nəticələrin əldə edilməsi baxımından ən effektiv və uğurlu xətt
kimi özünü doğrultduğu bildirilib.

Yaxın Şərqdə mövcud gərginliyin davam etməsinin dərin narahatlıq
mənbəyi olaraq qaldığını diqqətə çatdıran nazir Ceyhun Bayramov,
“iki dövlət” formulası əsasında münaqişənin ədalətli və dayanıqlı
həllinin vacibliyinə inandığımızı, eyni zamanda Fələstin xalqı üçün
münaqişənin humanitar nəticələrinin aradan qaldırılmasına töhfə
vermək üçün tərəfimizdən davamlı dəstəyin göstərildiyini diqqətə
çatdırıb.

Sonda Forumun yekunlarına dair qəbul olunmuş Doha Bəyannaməsində
Ərəb Liqası – Azərbaycan və Mərkəzi Asiya formatı qarşılıqlı maraq
doğuran məsələlər üzrə mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığı
dəstəkləyən dəyərli platforma kimi qiymətləndirilib, habelə
müxtəlif digər formatlardakı səylərin təkrarlanmadan problem və
nəticələrə yönümlü yanaşmanın sərgilənməsinin zəruriliyi qeyd
edilib.

Doha Bəyannaməsində, eyni zamanda Azərbaycan və Ermənistan
arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə
yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin
qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə
vurğu öz əksini tapıb.

Birləşmiş Ərəb Əmirliklərinin 2022-2023-cü illər ərzində BMT
Təhlükəsizlik Şurasına üzvlüyünün təqdirəlayiq olduğu bildirilib,
habelə beynəlxalq təşkilatlar çərçivəsində ümumi maraqlara
əsaslanan qarşılıqlı dəstək və əlaqəlındirilməyə çağırış
olunub.

Ölkəmizin 2024-2026-cı illər ərzində Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyinin
məmnunluq doğurduğu, habelə AQEM və Ərəb Liqası arasında birgə
layihə və tədbirlərin təşkilinə dəstək ifadə olunub.

Doha Bəyannaməsi, eyni zamanda bir sıra ölkələrdə, o cümlədən
Azərbaycanda sülh, sabitlik və təhlükəsizliyə hədə törədən mina
təhdidindən dərin narahatlıq ifadə edərək, BMT və üzv dövlətləri,
habelə digər maraqlı tərəfləri bu təhlükəyə qarşı mübarizədə dəstək
göstərməyə dəvət edib.

Ölkəmizin COP29 sədrliyinə seçilməsi məmnunluqla qarşılanıb,
COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizədə dəstək ifadə
olunub, habelə bu istiqamətdə qlobal həmrəylik səylərinin əldə
edilməsində uğurlar arzu olunub.

Doha Bəyannaməsində, həmçinin Azərbaycan və Mərkəzi Asiyanı
əlaqələndirən yaşıl enerji dəhlizinin iqlim dəyişikliyi ilə
mübarizə, habelə yaşıl texnologiyalara keçid prosesində
əhəmiyyətinə vurğu edilib.