
29 aprel 2024-cü il tarixində Fransanın daxili işlər naziri
Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq
komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən
ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli
iddiaları qətiyyətlə rədd edirik.
XİN-dən Trend-ə verilən məlumata görə, Azərbaycanı Yeni
Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə
günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa
tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi
dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin
nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul
edib.
Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamenti
Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və
xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul
etməklə yanaşı, keçmiş qondarma separatçı rejim ilə dostluq
qrupunun fəaliyyətinə imkan yaratdığı məlumdur.
Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi
Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya
cəhd göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi
və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində
yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri,
vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı
unutmamalıdır.
Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsminin
beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik
çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu
haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə
qəbuledilməzdir.
Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə
qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb
edirik.
Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da
bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik.





























