Advertisement

Azərbaycan və Əlcəzair arasında regional məsələlər müzakirə olunub (FOTO)

Bakı. Trend:

30 aprel 2024-cü il tarixində nazir Ceyhun Bayramov Qətər
Dövlətinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik
Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd
Attaf ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ceyhun
Bayramov bu il Azərbaycan ilə Əlcəzair arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini
çatdırıb.

Görüşdə tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama
Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı
səviyyəsindən məmnunluq ifadə edərək, beynəlxalq təşkilatlar
çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin
davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Tərəflər həmçinin enerji və digər sahələrdə əlaqələrin
inkişafının vacibliyini vurğulayaraq, bu xüsusda yüksək səviyyəli
səfərlərin və siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd
ediblər.

Nazir həmçinin parlamentlərarası əlaqələrin inkişafının
əhəmiyyətini qeyd edərək, Əlcəzair-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupu üzvlərinin cari ilin 22-25 aprel tarixlərində
Azərbaycana səfərini yüksək qiymətləndirib.

Tərəflər enerji sektorunda ikitərəfli əlaqələrin əhəmiyyətini
qeyd edərək, bu istiqamətdə əlaqələrin genişləndirilməsinin
vacibliyini vurğulayıblar.

Bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan
yaratdığı vurğulanıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli
və regional məsələlər müzakirə olunub.