Advertisement

İrəvan Mirzoyan-Bayramov görüşünü təsdiqləməyib – Qazaxıstan XİN

Bakı. Trend:

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında
Qazaxıstanda keçirilməsi planlaşdırılan danışıqların vaxtı hələ
müəyyən edilməyib, çünki İrəvan bu təklifə hələ cavab verməyib.

Trend xəbər verir ki, bu
barədə Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Bakaev
Mərkəzi Asiya ölkələri və Azərbaycan Respublikası ilə Ərəb İqtisadi
Əməkdaşlıq Forumunun 3-cü iclası çərçivəsində jurnalistlərə
deyib.

“Bu ölkələr – Ermənistan və Azərbaycan mənim yurisdiksiyam
altında deyil, lakin bildiyimə görə, iştirakçılardan cavab
verilmədiyi üçün görüşün tarixi hələ müəyyən edilməyib. Ermənistan
hələlik razılıq verməyib, amma ümid edirik ki, bu danışıqlar baş
tutacaq”, – o deyib.

Bundan əvvəl, Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi
Smadiyarov Astanada keçirdiyi brifinqdə təsdiqləyib ki, həqiqətən
də Almatıda belə danışıqlar planlaşdırılır və Qazaxıstan tərəfi
hazırda Azərbaycan və Ermənistandakı həmkarları ilə əlaqə saxlayır.
Eyni zamanda, onun sözlərinə görə, danışıqların yalnız bu iki tərəf
arasında aparılması nəzərdə tutulur.

Onun sözlərinə görə, təsadüfi deyil ki, Qazaxıstan İrəvan və
Bakıya bu danışıqlar üçün platforma olmağı təklif edib, onun
Qarabağ probleminin həllində vasitəçilik rolu ötən əsrin 90-cı
illərindən məlumdur.