
Bakı. Trend:
ABŞ həm Azərbaycan, həm də Ermənistanla danışıqlar aparmaqda
davam edir.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin
mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə
bildirib.
O qeyd edib ki, bu məsələlərdə ABŞ dövlət katibi Antoni Blinken
şəxsən məşğuldur:
“Bu, Katibin özünün şəxsən dərindən məşğul olduğu sahədir.
İşlədiyi müddətdə Azərbaycan və Ermənistanla mütəmadi olaraq əlaqə
saxlayıb və hər iki ölkə ilə əlaqələrimiz davam edir. Biz inanırıq
ki, sülh mümkündür və biz buna doğru çalışmaqda davam
edəcəyik”.
Qeyd edək ki, aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli
əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək
enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini
qeyd edib. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın ABŞ
ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu
vurğulayıb.





























