
Bakı. Trend:
Hazırda hər birimiz böyük çətinliklərlə üzləşirik və bundan
çıxış yolu tapmalıyıq.
Trend xəbər verir ki, bu barədə Sülh Naminə Əlaqələndiricilər və
QlobalKompasın təsisçisi, Brazzavildə baş məsləhətçi cənab Jan
Kristof Bas VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında
yumşaqgücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya
qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.
“Hazırkı dünya parçalanır. Biz bunun hər sferada şahidiyik.
Bütüm bunları daimi diqqət mərkəzində saxlamalıyıq. Bu, sadəcə
beynəlxalq yox, cəmiyyətlər daxilində olan böhran və parçalanmadır.
Heç kəs özlüyündə insanlığı bu çətinlikdən çıxarmaq qabiliyyətində
deyil. Yalnız birlikdə çıxış yolu tapa bilərik.
Etiraf etməliyik ki, heç kəs öz fikrini digərlərinə diktə edə
bilməz. Bizə lazım olan yalnızca dialoq deyil, paylaşmaqdır.
Qarşımızda duran çətinlik çoxqütblü dünyanın qurulmasıdır ki, bu da
bizə intibah gətirsin. Həqiqi mənada qarşımıza məqsədlər
qoymalıyıq”, – deyə o bildirib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu öz işinə başlayıb.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.





























