
Astana. Trend:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan və
Ermənistanın Almatıda danışıqlar keçirmək barədə razılaşmasını
alqışlayıb.
Trend
“Akorda”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan
prezidentinin Azərbaycan və Ermənistan arasında Almatıda
keçiriləcək danışıqlar prosesinə dair bəyanatında deyilir.
“Azərbaycan Respublikası və Ermənistan Respublikasının
Qazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh sazişinin
hazırlanması üzrə xarici işlər nazirlərinin danışıqlar keçirmək
barədə razılaşmasını alqışlayıram.
Bu mühüm tədbirin 1991-ci ilin dekabr ayında MDB ölkələrinin
müstəqil inkişafının əsaslarını möhkəmləndirən və dövlətlərarası
sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiqləyən tarixi
Alma-Ata bəyannaməsinin imzalandığı Almatıda keçirilməsi
simvolikdir.
İnanıram ki, qarşıdakı görüş Azərbaycan-Ermənistan
razılaşmalarının praktikada reallaşdırılacağına xidmət edəcək və
Cənubi Qafqazda tezliklə möhkəm və uzunmüddətli sülhün bərqərar
olmasına imkan yaradacaq”, – bəyanatda deyilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























