
Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə
səfərdə olan İtaliya Parlamentinin Deputatlar Palatasının
vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə
Azərbaycan və İtaliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq
məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət
müzakirə olunub.
Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji
tərəfdaşlıq münasibətlərinin inkişafında yüksək səviyyəli təmaslar
və dialoqla yanaşı, parlament diplomatiyasının əhəmiyyətli rolu
qeyd edilib. İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi,
nəqliyyat və kommunikasiyalar, təhsil, mədəniyyət və s. sahələr
üzrə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlərin
mövcudluğu vurğulanıb. Ölkəmizdə yaradılmaqda olan
İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində əməkdaşlığın
daha da dərinləşdirilməsi üçün vacib əhəmiyyətə malik olduğu qeyd
edilib.
C.Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə
dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad
olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq
işləri, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh
gündəliyi, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı
məlumatlandırıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.





























