
Bakı.Trend:
33 il əvvəl sabiq Sovet İttifaqının dağılmasından
sonra Müstəqil Dövlətlər Birliyinin (MDB) faktiki yaradılmasının
bəyan edildiyi Alma-Ata şəhəri bu yaxınlarda Azərbaycanla
Ermənistan arasında sülh sazişinin imzalanması prosesinlə ciddi
irəliləyişin qeydə alınacağı məkan ola bilər.
Bir şərtlə ki, Ermənistanda baş nazir Nikol Paşinyan onu
hakimiyyətdən kənarlaşdırmaq istəyən “qarabağlılar” klanı ilə
Ermənistan Apostol Kilsəsinin (EAK) yeni yaranmaqda olan birliyinin
öhdəsindən gələ bilsin.
Azərbaycan bölgədə dayanıqlı, stabil və daimi sülhə can atır.
Ermənistanla aparılan danışıqlar da məhz ölkəmizin şərtləri və
təklifləri əsasındadır. Reallıq budur ki, hazırda sülh sazişinin
imzalanmasına yönəlmiş danışıqlarda kiçik də olsa, müsbət dinamika
müşahidə olunur.
Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin
delimitasiya prosesi başlanıb, rəsmi İrəvan 32 ildən bəri erməni
işğalında olan 4 kəndin azad olunaraq Azərbaycana təhvil verilməsi
prosesinə start verilib.
Eyni zamanda, şərti dövlət sərhədinin demarkasiyası ilə bağlı da
işlər görülür.
Bütün bu proseslər Bakı ilə irəvan arasında hər hansı vasitəçi,
üçüncü tərəf (ölkə və ya təşkilat), moderator və ya aktor olmadan
əldə edilmiş razılaşmalar əsasında aparılır.
Beləcə, sadə həqiqət aşkardır: Azərbaycanla Ermənistana sülhə
nail olmaq üçün vasitəçilər, xüsusilə də Cənubi Qafqazla bağlı
bəlli merkantil maraqları olan “təşəbbüsçülər” gərək deyil. Çünki
həmin maraqların total əksəriyyəti bölgənin və bölgə ölkələrinin
mənafelərinə zidd olaraq Cənubii Qafqazın geosiyasi, iqtisadi,
siyasi, humanitar və s. resurslarının istismarına yönəlib.
Həmin “vasitəçilər” Bakı və İrəvan arasında anlaşmanın
gerçəkləşməsi üçün yardım təklif etmirlər, öz maraqlarını güdürlər.
Daha dəqiq olsaq, “vasitəçilik” etmək istəyən ölkələr, təşkilatlar
və siyasətçilər Cənubi Qafqazda yeni münaqişə ocağını alovlandırmaq
istəyirlər.
Bakı malik olduğu bütün imkanlar və vasitələrdən yararlanaraq
sözügedən planların reallaşmasına imkan verməməyə çalışacaq.
Ermənistanın baş naziri Nikol Paşinyana gəldikdə isə, o, ölkənin
müxtəlif məkanlarında keçirilən, azsaylı dəstələrin qatıldığı
etiraz aksiyalarına rəğmən, 4 kəndin təhvil verilməsi prosesini
başa çatdırmaq, anlaşmalarla razılaşmalarda üzərinə götürdüyü
öhdəlikləri qismən də olsa, həyata keçirməyə can atır.
Proses ABŞ, Avropa İttifaqı və Fransanın təqdim etməyə çalışdığı
kimi, mürəkkəb və “ciddi müzakirə tələb edən məsələ” deyil.
1991-ci ilin Almatı bəyannaməsinə uyğun olaraq Azərbaycanla
Ermənistan arasındakı şərti dövlət sərhədinin Qazax rayonu
istiqamətindəki hissəsinin 10-12 kilometrlik bölümü delimitasiya
olunur.
Delimitasiya və demarkasiya prosesində bundan sonra da Alma-Ata
bəyannaməsinin prinsiplərinin məhvər əsaslar sayılacağı tam bəlli
deyil. Mümkündür ki, prosesin gələcək mərhələlərində yeni
prinsiplərdən istifadə olunsun və sülh sazişinin imzalanması
prosedurunda müəyyən dəyişikliklər reallaşsın.
Dünən Ermənistanın İctimai Televiziyasında Petros Kazaryanın
proqramına qatılan və sualları cavablayan N.Paşinyan maraqlı
açıqlamalar verib.
N.Paşinyanın sözlərinə görə, delimitasiya prosesi belə davam
edəcək:
1. Delimitasiya komissiyası hazırda delimitasiya prosesinin
getdiyi ərazidə öz işini başa çatdırır.
2. İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş
reqlamenti, o cümlədən cari prosesin təcrübəsi
dəqiqləşdiriləcək.
3. Komissiyaların əsasnaməsi iki ölkənin daxili
qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək.
4. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək
işi hansı sahələrdən davam etdirəcəklərini müəyyənləşdirəcək və
hərəkətləri razılaşdıracaqlar.
Dörd kəndə gəlincə, onlar titul ölkənin nəzarətindən
kənardadırlar.
“Bu cəhət dünya miqyasında bizə qarşı istifadə olunur və titullu
ölkənin gücündən kənarda yerləşən yaşayış məntəqələri yaşayış
məntəqəsi olmayan ərazilərdən təbiətinə görə xeyli fərqlənir”, –
N.Paşinyan deyib.
Onun fikrincə, “Azərbaycanla sərhəd delimitasiya olunmadığı üçün
müəyyən münaqişə riski var: “Bu riski minimuma endirmək üçün
münaqişə potensialının yüksək olduğu yerlərdən başlayırıq ki,
vəziyyət nəzarətdə qalsın. Dörd kəndin delimitasiyası məsələsinin
həll olunmaması Azərbaycana bu məsələnin həllindən daha çox
eskalasiya üçün səbəb və imkanlar verə bilər”.
Ermənistanın baş naziri daha sonra təbii ki, Rusiyadan və
MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT)
şikayətlənməyi də unutmayıb: “Gözümüzün qabağında təhlükəsizliyin
təmin edilməsinə cavabdeh olan strukturlar və ölkələr öz
öhdəliklərini yerinə yetirə bilməyiblər. Buradan belə nəticə çıxır
ki, biz özümüzə güvənməli və təhlükəsizliyi təmin etmək üçün
tədbirlər görməliyik”.
Paşinyanı GPS avadanlıqları da razı salmır.
“Azərbaycana qaytarılan 4 kənd heç vaxt bizim olmayıb. Bu
kəndlər Sovet Azərbaycanının tərkibində idilər. Xəritədə sərhəd
postunun harada yerləşdiyini təsəvvür edirik, lakin yerdəki
koordinatları təyin edən GPS cihazından istifadə edərək yerində
ölçmə aparmağa gedəndə kənarlaşmalar yaranır”, – Ermənistanın baş
naziri deyib.
Almatı bəyannaməsinə gəldikdə, Nikol Paşinyan biri daha
təkrarlayıb ki, 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi
əsasında Azərbaycanla Ermənistan ərazi bütövlüyünü və suverenliyi
qarşılıqlı şəkildə bir daha tanıyıblar: “Biz razılaşdıq ki,
Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. Bu
prosesə sadiqliyimizi praktikada nümayiş etdirmək indi son dərəcə
vacibdir. Təbii ki, Azərbaycanın da bunu etməsi vacibdir”.
Paşinyan hesab edir ki, qarşıdakı illərdə Ermənistan həlledici
əhəmiyyət kəsb edəcək qərarlar qəbul etməli olacaq: “Bu müddət
ərzində dövlətçiliyimizi, suverenliyimizi və müstəqilliyimizi
qoruyub saxlaya bilsək, o zaman növbəti onilliklərdə Ermənistanın
müstəqil dövlət kimi mövcudluğunu davam etdirə biləcəyik. Bu,
gözünüzün qarşısında baş verir. Azərbaycanla sərhəd delimitasiya
olunmadığından müəyyən münaqişə riski var. Bu riski minimuma
endirmək üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən
başlayırıq ki, vəziyyət nəzarətdə qalsın”.
Nikol Paşinyan ümumiyyətlə, Azərbaycanla Ermənistan arasındakı
şərti dövlət sərhədinin delimitasiya prosesinə xüsusi önəm verib.
O, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan
sərhədinin delimitasiyası prosesinin hansı əsaslarla aparıldığını
izah edib və müxalifətin Kadastr Komitəsinin müvafiq sənədlərinin
olmaması ilə bağlı bəyanatına cavab verib.
“Sənədlər Müdafiə Nazirliyinə verilib, bu da anlaşılmazlığa
səbəb ola bilərdi. Bütün sənədlər hökumətin sərəncamındadır,
müxtəlif idarələr onlarla müxtəlif rejimlərdə işləyir. Biz əsas
diqqəti ərazilərə yönəldirik, lakin delimitasiya prosesində
hökumətin vəzifəsi bütün sərhəd boyu təkrar istehsalın qanuniliyini
təmin etməkdir, biz delimitasiya prosesinin hansı prinsip əsasında
aparılacağını qəbul etməliyik”, – Paşinyan bildirib.
O, müxalifətin sərhədin delimitasiyasının “parça-parça deyil,
hissə-hissə aparılır” ittihamına da münasibət bildirib.
“Biz Alma-Ata bəyannaməsinə əsaslanaraq, bu, uzun bir prosesdir,
bundan sonra əldə etdiyimiz təcrübəni parlamentin təsdiqinə
göndərəcəyik hansısa format, sonra biz bütün prosesi bu mandata
uyğun davam etdirəcəyik”, – Paşinyan bildirib.
O xatırladıb ki, Ermənistanla Gürcüstan arasında delimitasiya
prosesi 20 ilə yaxındır ki, davam edir.
“Ancaq Azərbaycanla bu, sürətləndirilməlidir”, – deyə Paşinyan
bildirib.
… Göründüyü kimi, Nikol Paşinyan sülh prosesinə, sərhədin
delimitasiya və demarkasiyası ilə bağlı ilkin anlaşmalara sadiq
olduğunu göstərməyə çalışır.
Həmişə kimi, sözlər və bəyanatlardır.
Tələsməyək, gözləyək və Nikol Paşinyanın sözlərinin əməllərinə
nə nqədər uyğunr olduğunu görək.





























