
Bakı. Trend:
ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli
istiqamətində heç bir nəticəyə nail olmadı, əksinə münaqişənin
həllini dalana dirədi, danışıqlar prosesini illərlə uzatdı.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Azərbaycan hər zaman bəyan edirdi ki, öz
ərazisinin bir qarşısını da güəştıə getməyəc, istər hərb, istərsə
də sülh yolu ilə öz torpaqlarını işğaldan azad edəcək.
“Həm Ermənistanın qeyri-konstruktiv mövqeyi, həm də
vasitəçilərin qərəzli və birtərəfli yanaşması münaqişənin həll
edilməsinə imkan vermirdi. ATƏT-in Minsk qrupu uzun illər səmərəsiz
danışıqlar apararaq münaqişənin həllini ləngidir, irəliləyişin əldə
olunmasına maraq göstərmirdi.
Lakin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
düzgün siyasət aparır, münaqişənin həbri yolla həllini daim
gündəmdə saxlayaraq ordu quruculuğu sahəsində geniş işlər həyata
keçirirdi. Nəticədə Azərbaycan Ordusu dünyanın 50 ən güclü orduları
sırasına daxil olmağı bacardı”, – deyə deputat bildirdi.
Onun sözlərinə görə, Azərbaycan heç zaman öz ərazilərinin
qeyri-müəyyən vaxtda işğal altında qalmasına razı ola bilməzdi.
“Azərbaycan hər zaman bəyan edirdi ki, bir qarış torpağının belə
düşmənin işğalı altında qalması ilə razılaşmayacaq. Uzun sürən
danışıqların səmərəsiz nəticələri və Ermənistanın ardıcıl
təxribatları 44 günlük Vətən müharibəsinin başlamasına səbəb oldu.
Azərbaycan hərbi gücdən və BMT Nizamnaməsinin özünümüdafiə hüququna
dair 51-ci maddəsi ilə verilmiş hüquqdan istifadə edərək öz
torpaqlarını erməni işğalından azad etdi”, – deyə deputat əlavə
edib.
A.Həsənova vurğulayıb ki, Ermənistan öz xislətinə “sadiq”
qalaraq 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatla üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirmədi.
“Azərbaycan qalib tərəf olaraq humanistlik göstərdi və
Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün şərait yaratdı.
Lakin Ermənistan nə qanunsuz silahlı dəstələri Azərbaycan
ərazisindən çıxardı, nə digər öhdəliklərini yerinə yetirdi, əksinə
ardıcıl təxribatlara davam etdi, Azərbaycan ərazisində
separatçılara dəstək göstərdi. Ermənistan öz havadarlarına
arxalanaraq qanunsuz silahlı dəstələrini Azərbaycan ərazisində uzun
müddət saxlamağa ümid edirdi.
Ermənistanın bu davranışları antiterror tədbirlərini qaçlmaz
etdi. 19-20 sentyabr tarixlərində keçirilən lokal antiterror
əməliyyatları nəticəsində Azərbaycan bütün suveren ərazilərində
nəzarəti bərpa edərək separatçılığın kökünü kəsdi, Ermənistanın və
havadarlarının ümidlərini puç etdi.
Azərbaycan hər zaman sülh tərəfdarı olub, regionda sülhün və
sabitliyin bərqərar olması üçün üzərinə düşən bütün öhdəlikləri
yerinə yetirib. Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı
olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə
çıxış edib.
Hazırda iki ölkə arasında danışıqlar davam etdirilir, lakin sülh
prosesinin tam başa çatdırılması üçün sülh müqaviləsinin
imzalanması labüddür və eyni zamanda Ermənistan Azərbaycana qarşı
ərazi iddialarına son qoymalıdır”, – deyə deputat əlavə edib.





























