Advertisement

Bakıda mədəni irsin mühafizəsində qanunvericiliyin rolu ilə bağlı parlamentlərarası konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 2-də Bakının ev sahibliyi etdiyi VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində parlamentlərarası
konfrans keçirilib.

Trend xəbər verir ki, “Mədəni irsin mühafizəsində
qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda təşkil edilən
tədbirin rəsmi açılış hissəsinə Azərbaycan Milli Məclisinin spikeri
Sahibə Qafarova sədrlik edib.

Konfransda parlamentlərarası əlaqələrin mədəniyyətlərarası
dialoq istiqamətində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Natiqlər sülh, dinc yanaşı yaşama, qarşılıqlı dialoq istiqamətində
güclərin, imkanların birləşdirilməsinin vacibliyini qeyd
ediblər.

Sahibə Qafarova konfrans iştirakçılarının diqqətinə çatdırıb ki,
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranan və BMT tərəfindən
dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal
platformalardan birinə çevrilib. Azərbaycanın bu təşəbbüsün həyata
keçirilməsində böyük uğur qazandığını vurğulayan Milli Məclisin
sədri bildirib ki, dünyanın multikulturalizm məkanlarından biri
olan Azərbaycanda təşkil edilən Forum çərçivəsində
parlamentlərarası konfransın əhəmiyyəti böyükdür.

“Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir. Mədəni
irs insanların kimliyini, tarixini, ənənələrini və dəyərlərini
təmsil edir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi
düzgün institusional və qanunvericilik yanaşmasını və bütün maraqlı
tərəflərin bu prosesə fəal cəlb olunmasını tələb edir. Bu mənada,
parlamentlərimiz təkcə milli deyil, beynəlxalq səviyyədə də mühüm
rol oynayır”, – deyə Sahibə Qafarova vurğulayıb.

Mədəni irsin qorunmasında münaqişə və müharibələrin əsas təhlükə
rolunu oynadığını diqqətə çatdıran Sahibə Qafarova bildirib ki,
işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunması
üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il
ərzində ciddi şəkildə pozulub. İşğaldan azad edilmiş ərazilərimizdə
hazırda genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsas
prioritetlərindən biri də həmin ərazilərdə mədəni irsin bərpası və
qorunmasıdır.

Mədəni irsin qorunması sahəsində ölkəmizdə mövcud qanunvericilik
bazası haqqında da danışan Milli Məclisin sədri vurğulayıb ki,
Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə
milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin
ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün
ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu işə
böyük töhfə verir.

“Bakı Prosesi”nin beynəlxalq təhlükəsizliyə və sülhə böyük
töhfələr verdiyini vurğulayan Əlcəzair Milli Şurasının sədri Ali
Talibi Azərbaycanın dünya miqyasında gördüyü işləri yüksək
qiymətləndirb. O deyib: “Tədbirimiz çox mürəkkəb bir dövrdə
keçirilir. Bakıya toplaşmaqda məqsədimiz sülhün və əmin-amanlığın
təşviq olunmasıdır. Müxtəlif dinlərdən olan insanların qarşılıqlı
anlaşma şəraitində yaşaması nəcib dəyərləri təcəssüm etdirir”.

Bakı konfransının mədəni irsin mühafizəsində qanunvericiliyin
rolu istiqamətində töhfə verəcəyindən əminliyini ifadə edən Türk
Dövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er
parlament diplomatiyasının imkanlarından danışıb. Vurğulayıb ki,
türk dövlətləri türk mədəniyyətinin varisləridir və əcdadlarımızın
bizə miras qoyduğu mədəni irsi gələcəyə daşımaq borcumuzdur.

Beynəlxalq Parlamentlərarası Konqresin (IPC) Baş katibi Sitara
Ayaz bildirib ki, Azərbaycan zəngin mədəni irsə malikdir. Cənubi
Qafqazın gözəl diyarı olan bu ölkə qədim, həmçinin müasir Bakısı,
Qız qalası, maraqlı landşaftı və ən əsası, xeyirxah insanları ilə
diqqət çəkir.

Mədəni irsin qorunmasında qanunvericiliyin təkmilləşdirilməsinin
kifayət etmədiyini deyən IPC-nin Baş katibi vurğulayıb ki, bu
məsələdə yerli icmalar, vətəndaş cəmiyyəti fəal olmalıdır.

Dünyada müxtəlif millətlər və ya xalqlar arasında
mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə
toxunan Sitara Ayaz bildirib ki, Bakı platformasından çıxış edərək
məqsədlərimizə doğru müəyyən mənada irəliləyə bilərik.

Sonra çıxış edən İraq parlamentinin Nümayəndələr Şurasının sədri
Möhsin Əli Əkbər Əl-Mandalavi, Malayziya Parlamentinin sədri
Muntanq Taqai, İtaliya parlamentinin vitse-prezidenti Corc More,
Pakistanın parlament sədrinin müavini Seyid Qulam Mustafa Şah,
Ukrayna Ali Radasının sədr müavini Olena Kondraiuk, Özbəkistan
Milli Məclisinin sədr müavini Zohra İbrahimova, Asiya
Parlamentlərarası Parlament Konqresinin (AİPA) Baş katibi Siti
Rozaimeriyanty Dato Haji Abdul Rahman konfransın təşkilinə görə
Azərbaycana təşəkkürlərini bildirərək, öz ölkələrinin təcrübələrini
bölüşüblər, təkliflərini səsləndiriblər.

Parlamentlərarası konfrans öz işini plenar iclasla davam
etdirib. İkinci hissəyə sədrliyi Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Fazil Mustafa edib.

O, Azərbaycanın regionda və dünyada sülh təşəbbüsləri ilə çıxış
etdiyini, hazırda Ermənistanla normallaşma istiqamətində yürütdüyü
siyasətdən, atdığı addımlardan danışıb. Bildirib ki, Azərbaycan
sivilizasiyaların Qərb və Şərq, İslam-xristian, İslam-yəhudi
bölgüsünün əleyhinədir. Ölkəmizin tolerant ölkə olduğunu vurğulayan
Komitə sədri Bakının mərkəzində erməni Qriqoryan kilsəsinin
olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Lakin
Ermənistanın vaxtilə işğal etdiyi ərazilərdə yüzlərlə məscid və
mədəni irs nümunələri tamamilə məhv edilib”.

Azərbaycanı çox sevdiyini dilə gətirən İspaniya Senatının sabiq
üzvü, Ramon Llull Universitetinin professoru Cordi Xusia Kosta
deyib: “Azərbaycan qədim mədəni irsə malik, tarixi abidələrlə
zəngin, xalçaları ilə məşhur olan bir ölkədir. Azərbaycan cəmiyyəti
mədəni irsi təşviq etməklə və dəyərlərə hörmət bəsləməklə diqqət
çəkir”.

Azərbaycan-Ermənistan arasındakı münasibətlərlə bağlı ötən dövrə
nəzər salan italiyalı professor Azərbaycanın 2020-ci ildə Zəfər
qazanaraq ərazi bütövlüyünü tam bərpa etməsinin qürurverici
olduğunu bildirib.

O, Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərində ötən il
gördüklərindən məmnun qaldığını da qeyd edib.

Daha sonra Argetina, Belarus, Bosniya və Herseqovina, Rusiya,
Moldova, Filippin, Mərakeş, Monteneqro, Serbiya, ABŞ, Tacikistan və
Qətərdən olan parlamentarilər mədəni irsin mühafizəsində
qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd ediblər,
ölkələrinin təcrübələrinə diqqət çəkiblər.