Advertisement

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi
keçirilib.

Trend xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli,
ISESCO-nun baş direktoru Səlim M. əl-Malik, BMT Turizm təşkilatının
baş icraçı direktoru Zoritsa Uroşevi və BMTSA-nın direktoru Nihal
Saad çıxış edib.

Mədəniyyət naziri A.Kərimli bildirib ki, bu forum əməkdaşlığın
inkişafına töhfə verəcək.

“ Biz bu forum vasitəsiylə dünyaya bir mesaj çatdırmaq istədik.
Mesaj ondan ibarət idi ki, mədəniyyətlərarası dialoqla biz bir çox
məsələlərin həllinə töhfə verə bilərik”,- deyə nazir bildirib.

ISESCO-nun baş direktoru Səlim M. əl-Malik vurğulayıb ki,
mədəniyyətlərarası dialoq sülh və əməkdaşlıq üçün çox
əhəmiyyətlidir.

“Belə bir mürəkkəb dünyada əməkdaşlıq və dialoq mühim rol
oynayır. İSESCO bundan sonra da öz yumşaq gücündən istifadə edərək
sözügedən dialoqa töhfə verəcək.
Azərbaycana belə bir əhəmiyyətli foruma uğurla ev sahibliyi etdiyi
üçün təşəkkür edirəm”,- deyə o əlavə edib.

BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi
həmçinin bildirib ki, Azərbaycan hər zaman mühim tədbirlərəev
sahibliyi edib.

“Mədəniyyətlərarası dialoq forumu aparıcı bir platformadır. Biz
burada bir sıra çağırışların, problemlərin həll yollarını müzakirə
etmək imkanı tapdıq.

Turizm bütün sahələr üzrə ən əhəmiyyətlisidir. Çünki bu sektor
bizim gündəlik həyatımıza təsir edir. Ümid edirəm ki, burada
müzakirə olunanları praktikada göstərə bilərik”,- deyə o
bildirib.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının
direktoru Nihal Saad əlavə edib ki, forumda müzakirə edilən
mövzular hər kəsi ilhamlandırdı.

“VI Mədəniyyətlərarası Dialoq Forumu növbəti uğura çevrildi.
Mədəniyyət bizim bəşəriyyətimizi daha da zənginləşdirir. Forumlarda
adətən çağırışlar, problemlər səsləndirilir. Lakin bu forumda
problemlər müəyyən edildi, diaqnostikası aparıldı və həll yolları
müzakirə edildi. Ümid edirəm bu tendensiya davam edəcək”,- deyə o
bildirib.

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq:
Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda
dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak
edib.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilib.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş
tutub.