
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək
məqsədilə ölkəmizdə səfərdə olan Cənub-Şərqi Asiya Dövlətləri
Assosiasiyasının Parlamentlərarası Assambleyasının (AİPA) Baş
katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.
Parlamentdən Trend-ə verilən
məlumata görə, görüşdə ölkəmizin evsahibliyi ilə keçirilən Forumun
əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə fikirlər
səsləndirilib. Milli Məclisin sədri Sahibə Qafarova Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycan Prezidentinin
təşəbbüsü ilə “Bakı Prosesi” əsasında yaradıldığını, bu Forumun
hazırda mədəniyyətlərarası dialoq, dünyamızı narahat edən, birgə
səylər və əməkdaşlıq tələb edən məsələlər üzrə açıq müzakirələr
üçün beynəlxalq səviyyədə mühüm platformaya çevrildiyini
bildirib.
Söhbət zamanı Forum çərçivəsində keçirilən “Mədəni irsin
qorunmasında qanunvericiliyin və qabaqcıl təcrübələrin rolu”
mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın sözügedən
mövzunun parlamentarilər tərəfindən müzakirəsi və qanunverici
orqanlar arasında dialoqun daha da dərinləşdirilməsi baxımından
önəmi diqqətə çatdırılıb.
Görüşdə Milli Məclis ilə Parlament Assambleyası arasında
əməkdaşlıq məsələləri də müzakirə edilib. Qeyd olunub ki,
Azərbaycan parlamenti parlament diplomatiyası çərçivəsində Asiya
ölkələrinin parlamentləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrin
gücləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan Milli Məclis
müxtəlif sahələrdə əməkdaşlığın inkişafına təkan verən AİPA ilə
əməkdaşlığa xüsusi diqqət yetirir. Bildirilib ki, Parlamentlərarası
Assambleyanın 2022-ci ildə Kamboca Krallığında keçirilmiş 43-cü Baş
Assambleyasının Plenar Sessiyasında Azərbaycan Milli Məclisi
təşkilata müşahidəçi üzv kimi qəbul edilib. Bu, Azərbaycanın bu
təşkilatla əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.
Söhbət zamanı həmçinin xatırladılıb ki, 2023-cü ilin martında
Manamada Azərbaycan parlamentinin sədrliyi ilə AİPA ilə Qoşulmama
Hərəkatının Parlament Şəbəkəsi arasında da Əməkdaşlıq Memorandumu
imzalanıb. Sözügedən sənəd parlament diplomatiyasının, dialoqun və
əməkdaşlığın inkişafına töhfə verən qarşılıqlı faydalı əlaqələrin
daha bir nümunəsidir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.





























