Bakı. Trend:
Mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik
naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu və Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki
nitqində səsləndirdiyi fikirlər xarici mətbuatın diqqət mərkəzində
olub.
Trend xəbər verir ki,
xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlərarası
dialoqa töhfələri və bu baxımdan Forumun əhəmiyyəti, ölkəmizin
bölgənin inkişafında rolu, eləcə də regionda sülhün və sabitliyin
möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri
xüsusilə diqqət mərkəzində saxlanılıb.
VI Mədəniyyətlərarası Dialoq Forumu və dövlətimizin başçısı
fikirləri Türkiyə mətbuatının da diqqət mərkəzində olub. Qardaş
ölkənin Anadolu Agentliyi, “Haber Global”
televiziyası, “Akşam” qəzeti,
“Haberler.com” portalı və digər KİV-lərində yer
alan xəbərlərdə bu mötəbər tədbirə 100-dən çox ölkədən 700-dək
mötəbər qonağın qatıldığı qeyd olunub.

Materiallarda Prezident İlham Əliyevin Forumun açılış
mərasimindəki çıxışında səsləndirdiyi fikirlərə xüsusi diqqət
yetirilərək, dövlətimizin başçısının Avropa ölkələrinin
neokolonializm siyasətinə son qoyulmasının vacibliyi, Azərbaycan
ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, o
cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin
vasitəçilərin iştirakı olmadan aparılması barədə fikirləri əks
olunub.
Rusiyanın TASS, “İnterfaks”
agentliklərinin, “Vedomosti”,
“Qazeta.ru”, “Profil” jurnalı,
“Rossiya seqodnya” və digər kütləvi informasiya
vasitələrində yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin
səsləndirdiyi fikirlərə önəm verilib. TASS dövlətimizin başçısının
Avropanın bir neçə ölkəsi tərəfindən həyata keçirilən neokonializm
siyasətinin qarşısının alınmasının vacibliyini vurğulamasına diqqət
çəkib. Agentliyin xəbərində qeyd olunub ki, dövlət başçısı
Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin mədəni
müxtəliflik və qarşılıqlı hörmətlə bağlı olduğunu xüsusi
vurğulayıb.

Digər xəbərlərdə də Prezident İlham Əliyevin xüsusən Azərbaycan
ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması,
delimitasiya və demarkasiya işlərinin aparılması və digər
məsələlərlə bağlı fikirlərinə yer verilib.
Gürcüstanın “resonancedaily.com”,
“imedinews.ge”, “newshub.ge”,
“primetime.ge”, “for.ge”,
“alt-info.ge” informasiya portalları, eləcə də
“1tv.ge” televiziyası Azərbaycan Prezidentinin
Avropanın bəzi ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşması
faktı ilə bağlı fikirlərini geniş işıqlandırıb. Prezident İlham
Əliyevin çıxışına istinadla yayılan məlumatlarda deyilir: “Biz
imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər
xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda –
Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu,
onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə
ədalətə, beynəlxalq hüquqa bağlı idik. Dünya iyrənc neokolonializm
praktikasına göz yummalı deyil. Bu, assimilyasiyaya, məcburi
assimilyasiyaya aparır. Bu, Fransanın 10-dan artıq dənizaşırı
ərazisində baş verir. Buna son qoyulmalıdır”.

Qətər Xəbər Agentliyinin yaydığı xəbərdə Bakıda
işə başlayan üçgünlük Forum çərçivəsində təşkil olunacaq 4 plenar
sessiya və 12 panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi,
süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və
digər mühüm mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalədə
dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışında
Azərbaycanın əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması,
çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan
cəmiyyətinin əsrlər boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq
və tərəfdaşlıq kimi dəyərləri qorumasına da fikirləri diqqətə
çatdırılıb.

Belarus mətbuatı da VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunu gündəmdə saxlayıb. BELTA-da yayımlanan
xəbərdə Belarus nümayəndə heyətinin də Foruma qatıldığı vurğulanıb.
Qeyd edilib ki, mühüm məsələlərlə bağlı ciddi fikir mübadiləsinin
aparıldığı Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidenti
İlham Əliyevin açılış mərasimində qeyd etdiyi kimi, “çox mühüm
beynəlxalq platformadır və orada mədəniyyətlərarası dialoq
məsələləri müzakirə olunur”.

Bu ölkənin “Sb.by” portalının yaydığı xəbərdə
də Forumun mədəniyyətlərarası dialoqa mühüm töhfə olduğu
vurğulanıb.
Ukraynanın “Telegraf” və “Korrespondent” nəşrləri əsasən
dövlətimizin başçısının Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar
barədə fikirlərinə diqqət çəkib. Məqalələrdə Prezident İlham
Əliyevin sülh müqaviləsi üzrə danışıqların Azərbaycanın irəli
sürdüyü təkliflər əsasında aparılması, eləcə də iki ölkə arasında
demarkasiya və delimitasiya işlərinə başlanıldığı, xüsusən bu
prosesin vasitəçilər olmadan həyata keçirilməsi barədə fikirləri
diqqətə çatdırılıb.
İranın İRNA agentliyinin,
“Entexab” qəzetinin yaydığı xəbərlərdə Prezident
İlham Əliyevin beynəlxalq təşkilatların, o cümlədən BMT
Təhlükəsizlik Şurasının Ermənistanın otuz il davam etmiş işğala son
qoyması üçün qəbul etdikləri qərar və qətnamələrin tələblərinin
yerinə yetirilməsinə cəhd göstərmədikləri barədə sərt fikirlərinə
geniş yer ayrılıb: “Həmin qətnamələri qəbul edənlər heç bir şey
etmədilər ki, onlar icra olunsun. Odur ki, biz sülhə müharibə yolu
ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi
nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin
sentyabr ayında isə biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam
şəkildə bərpa etdik. İndi isə biz münaqişədən sonrakı
vəziyyətdəyik”. Yazılarda dövlətimizin başçısının iki ölkə arasında
münasibətlərin normallaşdırılması istiqamətində müsbət
tendensiyaların müşahidə olunmasını qeyd etməsi xüsusi
vurğulanıb.

Türkmənistanın “Central Asia” media
platformasının yaydığı xəbərdə də Prezident İlham Əliyevin Forumun
açılış mərasimində Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması istiqamətində müşahidə olunan müsbət tendensiya
barədə fikirləri diqqətə çatdırılıb.





























