
Bakı. Trend:
Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq”
mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və
Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində
səsləndirdiyi fikirlər dünya mətbuatında olduğu kimi, Türkiyə
mediasında da geniş işıqlandırılıb.
Trend xəbər verir
ki, Türkiyənin Anadolu Agentliyi, “Milliyyət”, “Hürriyet”, “Yeni
Şafak”, “CNN Türk”, “TR Haber”, “İHA”, “İstiklal”, “Haberler.com”,
“Türkiye Press”, “Son saat”, “Yeni gün” portalları, “TRT”, “Haber
Global”, “TV 100” media qurumları, “Beyaz Qazete”, “Axşam”
qəzetləri kimi bir çox KİV-lərində yer alan xəbərlərdə bu mötəbər
tədbirə 100-dən çox ölkədən 700-dək mötəbər qonağın qatıldığı qeyd
olunub.
Xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın
mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun
əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda
sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar,
Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin
bir ailə kimi yaşaması barədə fikirlərinə xüsusi yer verilib.
“Azərbaycan Prezidenti Əliyev: Dünya məcburi assimilyasiyaya yol
açan iyrənc neokolonializm praktikasına göz yummamalıdır”, “İlham
Əliyev: Ermənistan ilə sülhə doğru gedirik”, “Əliyevdən Ermənistana
mesaj: Çox fəal çalışırıq”, “Kritik toplantıdan əvvəl Əliyevdən
yeni açıqlama: Danışıqlar hansı mərhələdədir?” sərlövhələrlə təqdim
olunan informasiyalarda dövlətimizin başçısının fikirlərinə istinad
edilərək bildirilib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament
Assambleyası kimi qurumlar Avropadan kənarda bəzi ölkələrin daxili
işlərinə qarışmağa cəhd edir, lakin neokolonial meyllərə qarşı
susur.
Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan
arasında hər hansı vasitəçi olmadan sülh yolunda atılan addımlar,
delimitasiya və demarkasiya işlərinə başlanılması, Azərbaycanın
Ermənistanla sülh sazişi üzrə baza prinsiplərini və sülh sazişinin
layihəsini hazırladığını qeyd etməsinə geniş yer verilib.
Qardaş ölkə KİV-lərində yer alan xəbərlərdə Prezident İlham
Əliyevin Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu məkan
olması barədə fikri xüsusi vurğulanıb: “Çoxmədəniyyətli və böyük
etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən
mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və
tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə
kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz
bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik
qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar
Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin,
dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.
Yazıların “Ermənistan xaricdəki dəstəkçiləri tərəfindən siyasi
hücumlara məruz qalır”, “Biz Cənubi Qafqazda sülh istəyirik”, “Buna
iki ölkə arasında vasitəçi olmadan nail olduq” başlıqlı
hissələrində 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın
ərazi bütövlüyünü, suverenliyini tam şəkildə bərpa etdiyi,
bölgəmizdəki sülh prosesinə öz şəxsi, siyasi və iqtisadi maraqları
üçün müdaxilə etmək istəyən ölkələrə qarşı mövqeyi, eləcə də
Azərbaycanın yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi
seçilməsi ilə bağlı fikirləri də diqqətə çatdırılıb.





























