Bakı. Trend:
Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq”
mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və
Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki nitqində
səsləndirdiyi fikirlər hələ də dünyanın bir sıra nəşrlərinin diqqət
mərkəzində qalmaqdadır.
Trend xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi, “Milliyyət”,
“Hürriyet”, “Yeni Şafak”, “CNN Türk”, “TR Haber”, “İHA”,
“İstiklal”, “Türkiye Press”, “Son saat”, “Yeni gün” portalları,
“TRT”, “Haber Global”, “TV 100” media qurumlarının, “Beyaz qazete”,
“Akşam” qəzetlərinin və digər nəşrlərin yaydığı xəbərlərdə bu
mötəbər VI Mədəniyyətlərarası Dialoq Forumuna böyük marağın olduğu
vurğulanıb. Xəbərlərdə dövlətimizin başçısının Azərbaycanın
mədəniyyətlərarası dialoqa töhfələri və bu baxımdan Forumun
əhəmiyyəti, ölkəmizin bölgənin inkişafında rolu, eləcə də regionda
sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar,
Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçilərinin
bir ailə kimi yaşaması barədə fikirlərinə xüsusi yer verilib.
“Azərbaycan Prezidenti Əliyev: Dünya məcburi assimilyasiyaya yol
açan iyrənc neokolonializm praktikasına göz yummamalıdır”, “İlham
Əliyev: Ermənistan ilə sülhə doğru gedirik”, “Əliyevdən Ermənistana
mesaj: Çox fəal çalışırıq”, “Kritik toplantıdan əvvəl Əliyevdən
yeni açıqlama: Danışıqlar hansı mərhələdədir?” sərlövhələrlə təqdim
olunan informasiyalarda dövlətimizin başçısının fikirlərinə istinad
edilərək bildirilib ki, Avropa Parlamenti, Avropa Şurası Parlament
Assambleyası kimi qurumlar Avropadan kənarda bəzi ölkələrin daxili
işlərinə qarışmağa cəhd edir, lakin neokolonial meyillərə qarşı
susur.

Məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan
arasında hər hansı vasitəçi olmadan sülh yolunda atılan addımlar,
delimitasiya və demarkasiya işlərinə başlanılması, Azərbaycanın
Ermənistanla sülh sazişi üzrə baza prinsiplərini və sülh sazişinin
layihəsini hazırladığını qeyd etməsinə geniş yer verilib.
Qardaş ölkə mediasında yer alan xəbərlərdə Prezident İlham
Əliyevin Azərbaycanın tarixən mədəniyyətlərin qovuşduğu məkan
olması barədə fikri xüsusi vurğulanıb: “Çoxmədəniyyətli və böyük
etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən
mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və
tərəfdaşlıq kimi dəyərləri qoruyub. Əminəm ki, bir müstəqil ölkə
kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən məsələ məhz
bunlardan ibarətdir. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik
qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar
Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin,
dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır”.
Rusiyanın “Rossiya 24” dövlət telekanalında VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu haqqında geniş reportaj
yayımlanıb. Reportajda bu mötəbər beynəlxalq tədbirin əsas
mövzusunun sülh naminə dialoq və qlobal təhlükəsizlik olduğu qeyd
edilib. Tamaşaçıların diqqətinə çatdırılıb ki, Azərbaycan
Prezidenti İlham Əliyevin açılış nitqi söylədiyi Bakı Forumunda
yüzdən çox ölkənin, o cümlədən Rusiyanın nümayəndələri iştirak
edirlər.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi
nümayəndəsi Mixail Şvıdkoy telekanala müsahibəsində bildirib ki, bu
tədbirdə çoxqütblü dünya konsepsiyasının inkişafı fonunda
mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.
Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqi
Ukrayna mətbuatının da diqqət mərkəzində qalmaqdadır. “1News”,
“Meta”, “Ua24news” və digər xəbər portallarında dərc olunan
məqalələrdə Prezident İlham Əliyevin regionda sülhün və sabitliyin
möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri
xüsusilə diqqət mərkəzində saxlanılıb. Məqalələrdə Azərbaycan
Prezidentinin çıxışına istinadla qeyd edilib ki, Cənubi Qafqazda
sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşması ilə əldə olunub. Azərbaycan Ermənistanla sülh əldə
etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən
hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət
tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı,
həm də demarkasiyaya başlanılıb. Sərhədlərin delimitasiyası və
demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında,
vasitəçilərsiz həyata keçirilir.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqində
səsləndirdiyi fikirlər Serbiya mətbuatının da diqqət mərkəzində
olub. Bu ölkənin “Politika”, “Tanyug”, “Novosti”, “Alo.rs”,
“Pink.rs” nəşrləri, “Voyvodine” radio-televiziyası dövlətimizin
başçısının xüsusən neokolonializmlə bağlı fikirlərini önə çıxarıb.
Bu ölkə mətbuatı xəbərləri oxuculara “Əliyev neokolonistlərə meydan
oxudu: Biz imkan verə bilmərik ki, bəzi Avropa ölkələri digər
xalqlara müstəmləkə kimi yanaşsın”, “Dünya neokolonializmin iyrənc
praktikasına göz yummamalıdır” və digər sərlövhələrlə təqdim
ediblər. Yazılarda dövlətimizin başçısının çıxışından aşağıdakı
sitata xüsusi yer verilib:

“Biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə
bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii
ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu
məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, biz hansısa
ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı
idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya
aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır.
Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi
assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır”.

Qeyd edək ki, yazılarda dövlətimizin başçısının Azərbaycan ilə
Ermənistan arasında münasibətlərin normallaşdırılması, hər iki
ölkənin müvafiq komissiyalarının delimitasiya və demarkasiya
işlərinə başladığı və özü də bu prosesin vasitəçilərin iştirakı
olmadan aparılması barədə fikirləri də diqqətə çatdırılıb.
Ərəbdilli nəşrlər də Foruma geniş yer ayırıb. Misirin “Ahram”,
“Shorouknews, “2lkhbr.com” nəşrləri Forumda müzakirə olunan
məsələlərlə yanaşı, dövlətimizin başçısının açılış nitqində qeyd
etdiyi mövzulara, xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu
sədrliyi dövründə atılan addımlara diqqət çəkib. Xəbərlərdə
Prezident İlham Əliyevin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi
dövründə onun təsisatlanması istiqamətində həyata keçirdiyi
tədbirlərdən, ölkəmizin təşəbbüsü ilə Hərəkatın parlament
şəbəkəsinin, gənclər təşkilatının, qadın platformasının
yaradıldığını bildirdiyi xüsusi vurğulanıb.
Əlcəzairdə fransız dilində yayımlanan “Algere54” media
resursunda yerləşdirilən xəbərdə Prezident İlham Əliyevin Fransanın
neokolonializm siyasətini kəskin şəkildə qınadığı qeyd olunub.

Mərakeşin “Mapexpress”, “Hespress”, “2M.ma”, Qətərin “Gulf
Times”, Yəmənin “Pressbee” nəşrlərinin, Bəhreyn Xəbər Agentliyinin
yayımladığı informasiyalarda VI Mədəniyyətlərarası Dialoq Forumunda
100-dən çox ölkədən 700-dək qonağın iştirak etdiyi bildirilib. Qeyd
olunub ki, Forum çərçivəsində keçiriləcək 4 plenar sessiya və 12
panel iclasında təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt,
mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər mühüm
mövzuların müzakirə olunduğu qeyd edilib. Məqalələrdə dövlətimizin
başçısının Forumun açılış mərasimindəki çıxışında Azərbaycanın
əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olması, çoxmədəniyyətli
və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər
boyu tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi
dəyərləri qorumasına da fikirləri diqqətə çatdırılıb.






























