Advertisement

Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb – İcraçı direktor

Bakı. Trend:

Prezident İlham Əliyev bir qayda olaraq cəmiyyətdə baş verən
hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi
medianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarət
funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb. Medianın
ictimai maraqlardan irəli gələn obyektiv və qərəzsiz məlumat
hazırlamaq funksiyasını layiqincə yerinə yetirməsi üçün ölkəmizdə
həm ictimai-siyasi, həm də hüquqi zəmində hər cür şərait
yaradılıb.

Trend xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin
İcraçı direktoru Əhməd İsmayılov mayın 3-də keçirilən “İctimai
proseslər media müstəvisində” mövzusunda forumda çıxışı zamanı
deyib.

O vurğulayıb ki, bu gün keçirilən forum vasitəsilə Azərbaycan
mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn
tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımından
yeni bir təcrübənin əsası qoyulur. “İctimai proseslər media
müstəvisində” mövzusuna həsr edilən forum həm dövlət-media
dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai
əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv
səviyyəyə yüksəldilməsinə hesablanıb.

“Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması,
eyni zamanda, cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb.
İctimai rəydə dezinformasiya vakumunun yaranmaması, ölkəmizin
informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması
baxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında və
davamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır”, – deyə
Ə.İsmayılov qeyd edib.

Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı
mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin
məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada
düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv
mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik
ili”ndə media gündəmi” mövzularında panel sessiyalar təşkil
olunacaq.