
Bakı. Trend:
Ailə dəyərlərimizin təbliğində, qadın və uşaq hüquqlarının
müdafiəsində medianın üzərinə böyük iş düşür. Lakin bəzən bu və ya
digər problemin işıqlandırılması zamanı səhvlərə yol verilir.
Uşaqların üzü göstərilir, ev ünvanları, əsl ad və soyadlar,
oxuduqları məktəb, iş yerləri dəqiqliklə göstərilir.
Trend xəbər verir ki, Milli Məclisin deputatı, Ailə, qadın və
uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mayın 3-də
keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forumda
çıxışı zamanı deyib.
“Elə bu günlərdə baş vermiş bir cinayət hadisəsi ilə bağlı
jurnalist orada olan uşaqlardan müsahibə götürür. Uşaqlar da bütün
detalları ilə hadisəni danışırdılar. Bu, nə qədər düzgündür? Bəzən
jurnalistlər bilməyərəkdən cəmiyyətin qadın və kişi stereotipləri
haqqında görüşlərini bölüşür. Çox təəssüflər olsun ki, bəzən
sensasiya, reytinq üçün xəbərlər paylaşırlar.
Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu
proqramlarda, xəbər və ya məqalələrdə yalnız cəmiyyətin neqativ
hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi
ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq
lazımdır, lakin balans pozulmamalıdır”, – deyə Milli Məclisin
deputatı qeyd edib.
H.Hüseynova qeyd edib ki, ən təhlükəli məsələlərdən biri də
internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil
olmasıdır:
“Bu da qarşısıalınmaz bir prosesdir. Biz görürük ki, insanlar öz
ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt
keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad –
valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu böyüməkdə
olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir,
asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin
deqradasiyasına səbəb olur”.
Qeyd edək ki, Bakıda Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində”
mövzusunda Forum keçirilir. Tədbir çərçivəsində “Narkomanlığa qarşı
mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin,
həmçinin, məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların
mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı
effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə
həmrəylik ili”ndə media gündəmi” mövzularında panel sessiyalar
təşkil olunacaq.





























