
Bakı. Trend:
Azərbaycan minadan əziyyət çəkən ölkələrdəndir. Mina problemi
həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan
vurur.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa
Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbirdə
söyləyib.
Azərbaycanın minaların təmizlənməsi prosesində böyük dəstəyə
ehtiyac duyduğunu qeyd edən Prezidentin köməkçisi bu məsələnin
Avropanın təhlükəsizliyi üçün də vacib olduğunu vurğulayıb.
Hikmət Hacıyev qeyd edib ki, Qoşulmama Hərəkatı çərçivəsində
minalardan əziyyət çəkən ölkələrin qrupu yaradılıb və Azərbaycan da
bu qrupa daxildir.
Avropa Komandasının mina əleyhinə təşəbbüsünün əhəmiyyətindən
danışan Prezidentin köməkçisi Avropa İttifaqının (Aİ) ölkəmizə
dəstəyini yüksək qiymətləndirib. O, Aİ-nin yardımın
əlaqələndirilməsi və praktiki surətdə həyata keçirilməsi üçün
məsləhətləşmələrin vacibliyini vurğulayıb.
“Avropa İttifaqının bu təşəbbüsünün Azərbaycanla Aİ arasında
əlaqələrə və ölkəmizin minalarla bağlı apardığı fəaliyyətə töhfə
verəcəyinə inanırıq”, – deyə Hikmət Hacıyev əlavə edib.





























