
Bakı. Trend:
Avropa İttifaqı üzv dövləti və Şərq Tərəfdaşlığı proqramının
təşəbbüskarı kimi Polşanın bütün Cənubi Qafqazı əhatələyən regional
əməkdaşlığı təşviq edən Avropa İttifaqının siyasətinin
formalaşmasına xidmət göstərən mövqeyini yüksək
qiymətləndiririk.
Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham
Əliyevin Polşa Prezidenti Andjey Dudaya bu ölkənin Konstitusiya
Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Andjey Dudaya və onun simasında bütün Polşa xalqına öz adından
və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş
arzularını çatdıran dövlətimizin başçısının məktubunda qeyd edilib:
“Azərbaycan ilə Polşa arasında dostluq və qarşılıqlı hörmət
ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq
doğurur. İqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə
dinamik inkişaf edən əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın
mənafelərinə xidmət edir”.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki,
Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialının
reallaşdırılması, iki ölkə arasında əməkdaşlığın əhatə dairəsinin
genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi naminə birgə
səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.





























