Advertisement

Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür – Cəlil Xəlilov

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 may 2024-cü il
tarixində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak
etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin
dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və
medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım
verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam İkinci Dünya
müharibəsində həm ön xətdə döyüşən, həm də arxa cəbhədə fədakar
əməyi ilə diqqət çəkən şəxslərə maddi yardımın göstərilməsini
nəzərdə tutur.

Bununla bağlı Trend-ə açıqlama verən Müharibə, Əmək və Silahlı
Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil
Xəlilov Prezidentin məlum Sərəncamını alqışlayıb, bunu bütün
veteranlara göstərilən qayğı kimi xarakterizə edib:

“Prezidentin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində
iştirak etmiş şəxslərlə bağlı sözügedən Sərəncamı sadəcə həmin
müharibədə iştirak edən şəxslərə deyil, ümumilikdə bütün
veteranlara göstərilən diqqət və qayğı kimi xarakterizə
edilməlidir. Dövlət başçısı bu Sərəncamla bir daha göstərdi ki, o,
hansı dönəmdə, hansı tarixi şəraitdə müharibədə iştirak etməsindən
asılı olmayaraq, heç bir veteranı unutmur, dövlətimizin, xalqımızın
təhlükəsizliyi uğrunda çalışan insanları daim yada salır, onlara
dəstək olur.

Dövlət başçısı İkinci Dünya müharibəsində yalnız ön cəbhədə
deyil, arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden və
medallarla təltif olunan şəxsləri də diqqətdən kənarda qoymur,
onların da əməyini, qəhrəmanlığını yüksək qiymətləndirir. Elə bu
səbəbdən də məlum Sərəncamda arxa cəbhədə fədakar əməyi ilə diqqət
çəkən şəxslərə də maddi yardımın göstərilməsi nəzərdə tutulub.
Hansı ki, bu maddi dəstəyin veteranlarımız üçün mənəvi əhəmiyyəti
də olduqca böyükdür. Dövlət başçısının bu qayğısı nəticəsində
İkinci Dünya müharibəsi veteranları bu gün də unudulmadıqlarını,
əksinə, dövlətimizin davamlı diqqət və qayğısı ilə əhatə
olunduqlarını hiss edir. Bu isə onlara mənəvi güc, böyük ruh
yüksəkliyi bəxş edir”.

Polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi qayğıya görə
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə də
bütün veteranlar adından ölkə başçısına təşəkkür edib,
minnətdarlığını bildirib: “Mən Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatı, eləcə də bütün veteranlar adından Prezident
İlham Əliyevə təşəkkür edir, ona öz minnətdarlığımızı bildiririk.
Bir daha bəyan edirik ki, veteranlarımız hər zaman olduğu kimi
bunan sonra da dövlətçiliyimizə sədaqətlə xidmət edəcək, Müzəffər
Ali Baş Komandanın hər bir çağırışını dəstəkləyəcək, bu
tapşırıqların icrasında ön səfdə yer alacaqlar”.