
Bakı. Trend:
Avropa İttifaqı (Aİ) bu gün Azərbaycanda mina əleyhinə fəaliyyət
üzrə “Team Europe” təşəbbüsünü işə salıb.
Trend xəbər
verir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Peter Mixalko Bakıda keçirilən “Avropa Komandasının Mina Əleyhinə
Təşəbbüsü” mövzusunda tədbirin kuluarlarında jurnalistlərə
deyib.
“Bu gün Aİ-nin dəstəyi ilə bağlı daha bir addımı qeyd etmək üçün
burada toplaşmışıq – bu, Aİ-nin və Aİ-yə üzv dövlətlərin
institutlarını özündə birləşdirən, bütün üzv dövlətlər və maliyyə
institutlarından olan tərəfdaşlar üçün açıq olan “Team Europe”
kompleks təşəbbüsüdür.
Təşəbbüs mina əleyhinə fəaliyyət sahəsində Azərbaycan üzrə bütün
layihələri, təşəbbüsləri və dəstək formalarını özündə birləşdirir.
Bu, yaxn illərdə də davam edəcək proqramın yalnız başlanğıcıdır.
Azərbaycanın bu sahədə böyük ehtiyaclarının olduğunu bilirik.
Bu gün bəyan olundu ki, Avropa institutları bu il Azərbaycan
üçün daha 2 milyon avro dəyərində maliyyə paketi ayıracaq və bu
məbləğ Aİ-yə üzv ölkələrin maliyyələşdirməsi ilə birlikdə təqribən
3 milyon avro təşkil edəcək”, – Mixalko bildirib.
Onun sözlərinə görə, Aİ uzun illər ərzində minatəmizləmə
sahəsində Azərbaycana və onun institutlarına, xüsusən Minatəmizləmə
Agentliyinə (ANAMA) dəstək verib.
Qeyd edək ki, aprel ayında Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində 141 tank əleyhinə və 191 piyada əleyhinə mina, eləcə
də 2502 partlamamış hərbi sursat aşkar edilərək
zərərsizləşdirilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























