
Bakı. Trend:
Mədəniyyət naziri Adil Kərimli mayın 3-də Şri-Lankanın
buddhasasana, din və mədəniyyət işləri naziri Vidura Viçramanayake
ilə görüşüb.
Trend xəbər verir ki, Adil Kərimli Azərbaycanın
mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs edib, bu il
altıncı dəfə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun əhəmiyyətini vurğulayıb.
Nazir, həmçinin bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli
tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası
Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi
edəcəyini diqqətə çatdırıb. Bunun beynəlxalq birliyin Azərbaycanın
ətraf mühit və iqlim dəyişikliyi məsələlərinə göstərdiyi həssas
münasibətinə verilən qiymət olduğunu deyib.
Nazir Vidura Viçramanayake Forumun yüksək səviyyədə təşkilinə və
nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü
bildirib.
Söhbət zamanı mədəni irsin qorunması sahəsində əməkdaşlıqla
bağlı müzakirə aparılıb. Ölkəsinin mədəni irsin qorunması ilə bağlı
zəngin ənənələrə malik olduğunu deyən şri-lankalı nazir bu sahə
üzrə təcrübələrini Azərbaycanla bölüşə biləcəklərini diqqətə
çatdırıb.
Vidura Viçramanayake Azərbaycanın mədəniyyət nazirini
Şri-Lankaya rəsmi səfərə dəvət edib.





























