
Bakı. Trend:
Mayın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş
Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki
mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan
Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlərin
müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edən
nazir Ceyhun Bayramov, Azərbaycan və Mərakeş arasında ticarət,
enerji, təhsil və parlamentlərarası əlaqələr və digər sahələrdə
əməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeyd
edib.
Nazir Ceyhun Bayramov həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı
(İƏT) və Qoşulmama Hərəkatı (QH) kimi çoxtərəfli platformalarda
həyata keçirilən təmasların və bu platformalarda ölkələrin
bir-birinin mövqeyinə göstərdiyi qarşılıqlı dəstəyin ikitərəfli
münasibətlər üçün mühüm rol oynadığını qeyd edib.
Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaş
passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması
barədə sazişi imzalayıblar.





























