Bakı. Trend:
4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri
çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam
Sammitində iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İƏT çərçivəsində birlik
və əməkdaşlığın təşviqi istiqamətində uğurlu sədrlik təcrübəsi
nümayiş etdirdiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edən nazir
Ceyhun Bayramov, İƏT sədrliyini təhvil alan Qambiyanı təbrik
edərək, İslam həmrəyliyinin daha da gücləndirilməsi və
irəlilədilməsi fəaliyyətində uğurlar arzulayıb.
Sammitin mövzusu “Daha Yaxşı Gələcək üçün Birlik və Əməkdaşlığ”a
uyğun olaraq, ölkəmizin BMT və İƏT-in Nizamnamələri, habelə İslam
dünyası üçün ortaq maraqlar əsasında mövcud çağırışlarla mübarizədə
həmrəyliyi dəstəklədiyi diqqətə çatdırılıb.
Bu kimi çağırışlardan ən təhlükəlisi olan əsassız İslamofobiya
meylləri, habelə müqəddəs Qurani-Kərimin yandırılma aktları ilə
mübarizədə İslam dini və mədəniyyətinin düzgün təşviqinin
əhəmiyyəti qeyd olunub.
Öz multikultural ənənə və təcrübəsindən irəli gələrək, ölkəmizin
müxtəlif din və mədəniyyətlər arasında daha tolerant və dayanıqlı
dünya quruculuğunu dəstəklədiyi bildirilib.
Keçmiş işğal dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə
münasibətdə İƏT-in davamlı və birmənalı mövqe göstərdiyini
məmnunluqla xatırlayan nazir Ceyhun Bayramov, Azərbaycanın da
İƏT-in aktiv üzvlərindən biri kimi Təşkilat çərçivəsində
münaqişələrin sülh yolu ilə həlli səylərini daim dəstəklədiyini
diqqətə çatdırıb.
Hazırda bütün İslam dünyasını dərindən narahat edən Fələstin
məsələsi ilə bağlı ölkəmizin “iki dövlət” prinsipi əsasında həll
yolunun tərəfdarı olduğu, habelə münaqişənin Fələstin xalqı üçün
ağır humanitar nəticələrinin aradan qaldırılması üçün davamlı
dəstək göstərdiyi qeyd edilib.
İƏT çərçivəsində müxtəlif, o cümlədən iqtisadi inkişaf, təhsil,
səhiyyə, mədəniyyət kimi sahələrdə əməkdaşlığın məmnunluq
doğurduğu, habelə birgə fəaliyyət üçün digər istiqamətlər üzrə də
geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb. Xüsusilə,
ölkəmizin öz enerji portfelini genişləndirərək ənənəvi enerji
mənbələrindən külək, günəş, su kimi alternativ mənbələrə keçid
istiqaməti tutduğu, habelə öz strateji mövqe və infrastruktur
imkanlarını bağlantılar sahəsinə yönəltdiyi bir dövrdə İƏT
dövlətləri ilə bu sektorlarda əməkdaşlığın inkişafında maraqlı
olduğumuz bildirilib.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə mövcud regional
vəziyyət, imkanlar və çağırışlar, işğaldan azad olunmuş ərazilərdə
aparılan bərpa və yenidənqurma işləri, bu işlərə təhlükə törədən
mina təhdidi, Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son
irəliləyişlər barədə ətraflı məlumat verib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimizdən bəhs edən
nazir Ceyhun Bayramov, qlobal iqlim dəyişikliyindən ən çox əziyyət
çəkən regionlardan biri kimi İƏT bölgəsinin bu təhdidlə mübarizədə
vahid mövqedən çıxış etməsinin və səylərin səfərbərliyinin
əhəmiyyətini vurğulayıb.
Sonda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun
Kommunikedə ölkəmizin bütün ərazilərində öz suverenliyini bərpa
etməsinin məmnunluqla qarşılandığı qeyd olunub, dəyişməz olaraq
Azərbaycanın ərazi bütövlüyünə, habelə Azərbaycan və Ermənistan
arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı
tanınması əsasında normallaşma prosesinə dəstək ifadə olunub, bu
istiqamətdə Ermənistana öhdəliklərinin yerinə yetirilməsinə dair
çağırış edilib.
Kommunikedə, həmçinin İƏT-in “Ermənistan Respublikasının
Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupu”nun
adının “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı
təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Kontakt Qrup”a
dəyişdirildiyi əksini tapıb, Ermənistan bir daha İslam irs
nümunələrinin dağıdılmasına görə qınanılıb.
Keçmiş münaqişə dövründə indiki Ermənistan ərazilərindən
qovulmuş azərbaycanlıların taleyinin narahatlıq doğurduğu, bu
istiqamətdə onların ləyaqətli qayıdışına dəstək ifadə olunub.
2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam
Sammitinin Azərbaycanda keçirilməsini təsdiqləyən Kommunikedə,
həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata
keçirilməsində əməkdaşlığa çağırış olunub.
Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkil
olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə
Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha
ədalətli bölgüsünə çağırış edib.




























