Bakı. Trend:
4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT)
Bancul Sammitində iştirakı çərçivəsində Qida Təhlükəsizliyi üzrə
İslam Təşkilatının (IOFS) baş direktoru Berek Eren ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan
və IOFS arasında əməkdaşlıq imkanları, ölkəmizin beynəlxalq yardım
proqramları müzakirə edilib.
Nazir Ceyhun Bayramov ölkəmizin İƏT çərçivəsində müxtəlif
sahələr üzrə ixtisaslaşmış qurumlar ilə əməkdaşlığın inkişaf
etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın donor dövlət kimi beynəlxalq yardım fəaliyyəti
barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov,
qida təhlükəsizliyi kimi vacib bir çağırış üzrə qarşılıqlı faydalı
əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev
sahibliyi fonunda, qida təhlükəsizliyi sahəsinin iqlim dəyişikliyi
ilə bağlılığını nəzərə alaraq, COP29 çərçivəsində əməkdaşlıq
imkanlarının nəzərdən keçirilməsinin faydalı ola biləcəyi diqqətə
çatdırılıb.
Baş direktor Berek Eren öz növbəsində Azərbaycana İƏT
çərçivəsində aktiv fəaliyyət və töhfələrinə görə təşəkkür edərək,
IOFS-nin missiya və proqramlarından bəhs edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.




























