Advertisement

ABŞ-ın Bakıdakı səfiri nə etdiyinin fərqindədir?

ABŞ-ın ölkəmizdəki səfiri Mark Libbi bir qrup
jurnalisti diplomatik nümayəndəliyin binasına dəvət
edib.

Rəsmi səbəb “Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağl müsahibə”
olub.

Real səbəb isə Azərbaycanda “müstəqil və müxalifyönlü kütləvi
informasiya vasitələri” adı altında fəaliyyət göstərərək ölkəyə
qanunsuz yollarla külli miqdarda valyuta keçirən, çalışdıqları və
ya rəhbərlik etdikləri saytların “partizan vərəqəsi” tipajında
işini təmin edərək gəlirlərinin mənbələrini göstərməyən, maliyyə
resurslarını və işlərinin məqsədini açıqlamayan “jurnalist”lərin
şikayətlərini dinləməkdi.

Eyni zamanda, bu şəxslərə Birləşmiş Ştatların dolayısı yolla,
üstüörtülü dəstəyi də vəd olunub.

“Azərbaycanda, xüsusən noyabr ayından bəri, mənim gəlişimdən bir
qədər əvvəl, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı
təzyiqlərlə bağlı gördüyümüz hadisələr həqiqətən, də
narahatedicidir”, – səfir deyib.

Mark Libbi elə bu cümlədə diplomatik nümayəndəliklərin
fəaliyyətini nizamlayan Vyana konvensiyasının 41-ci maddəsini
pozaraq Azərbaycanın daxili işlərinə müdaxiləyə cəhd edir.

Səfirin sözlərinə görə, bu, “Azərbaycanı illərlə geriyə atır və
o cümlədən Azərbaycanda keçiriləcək COP 29 fonunda dünyanın diqqəti
Azərbaycandadır”.

O deyib ki, ABŞ Azərbaycan hökuməti ilə söhbətlərində bu
məsələni qaldırır: “Bu, ictimai şəkildə qaldırdığımız bir
məsələdir. Bu, özəl görüşlərimizdə də qaldırdığımız bir məsələdir
və biz bunu etməyə davam edəcəyik,” – səfir Libbi deyib.

Azərbaycan hakimiyyətinin həbs edilmiş jurnalistlər və ictimai
fəallara qarşı irəli sürülən qaçaqmalçılıq ittihamlarının ABŞ, Aİ
və başqa beynəlxalq təşkilatlardan qaynaqlandığı iddia edilən
maliyyəni də əhate etdiyini nəzərə alaraq, ABŞ-ın bu cinayət
işlərində özünü hədəf kimi hiss edib-etmədiyinə dair suala cavab
olaraq səfir deyib ki, sən demə, “ABŞ-ın gördüyü işlərdə
qeyri-şəffaf və ya üstüörtülü heç nə yoxdur və Azərbaycan hökuməti
də bunu bilir”.

“Dövlət mediasında təhqir olunursunuzsa, tam şəffaf şəkildə
gördüyünüz iş yeganə cinayəti açıq məlumat çatdırmaq və azad ifadə
olan insanlara qarşı saxta və qondarma cinayət ittihamları
yaradırsa, o zaman tərəfdaşınızla məhsuldar münasibət qurmaq çox
çətindir olur,”- səfir bildirib.

Cənab səfirin diqqətinə çatdırmaq istərdim ki, açıqlamalırda,
çox yumşaq desək, həqiqətdən uzaqdır. Həddən ziyadə uzaq.

Onun bəhs etdiyi şəxslərin necə, hansı yollarla, kimlər
tərəfindən, niyə maliyyəşdirildiyi iddialarla, ittihamlarla yox,
faktlarla, dəlillərlə sübut olunub.

Mark Libbi həmin şəxslərlə təşkilatların maliyyələşdirilməsində
Azərbaycan qanunlarının pozulduğunu, pulların Gürcüstandakı bank
hesablarına köçürüldüyü, sonradan Azərbaycana müxtəlif hesablara
köçürüldüyünü də bilməmiş deyil.

Amma heç nə olmamış kimi davranır.

Aydındır, cənab səfiri anlayırıq, belə deməlidir. “ABŞ-ın bir
sıra dövlət və dövlətin tam nəzarətindəki özəl təşkilatları,
fondları, cəmiyyətləri və s. Azərbaycandakı radikal müxalifəti,
qanunu pozmaqla fəaliyyət göstərən “media”nı maliyyələşdirərək
dəstəkləyir” deyəsi deyil ki.

M.Libbinin dediyinə görə, Amerika tərəfi hər şeyi qanun
çərçivəsində edib: “Azərbaycan hökumətinin öncədən bilmədiyi heç
bir şey yoxdur və onların bununla bir problemləri yox idi. İndi isə
birdən qərara gəlirlər ki, bu, çirkli pulların yuyulmasıdır,” səfir
deyib.

Daha sonra o, Azərbaycanın hakimiyyət dairələrini qərəzdə və
saxtakarlıqda suçlayıb: “Əgər Azərbaycan hökuməti çirkli pulların
yuyulması ilə bağlı saxta ittihamlar irəli sürmək və bundan ictimai
xadimləri, jurnalistləri, vətəndaş cəmiyyətini mühakimə etmək və ya
qorxutmaq üçün istifadə etmək qərarına gəlirsə, məncə bu,
Azərbaycan hökumətinin siyasətinin dəyişməsi deməkdir”.

ABŞ-ın ölkəmizdəkim səfiri rəsmi Bakıya meydan da oxuyub: “Nə
qədər ki, həvəsli tərəfdaşlarımız var, biz onlarla iqtisadi
inkişafı, qadınların səlahiyyətlərinin artırılmasını, azad medianı
dəstəkləyəcəyik, bunlar bizim üçün əsas prioritetlərdir. Nə qədər
ki, tərəfdaşlarımız var, biz bunu etmək üçün yollar tapmağa
çalışacağıq”.

Mark Libbi Şuşaya niyə getməməsi ilə bağlı sualı da
cavablandırıb.

Məlum olduğu kimi, ABŞ və Fransa səfirlərinin Azərbaycan
hökumətinin Şuşada və işğaldan azad olunmuş başqa yerlərdə təşkil
etdiyi tədbirlərə qoşulmaması Azərbaycan ictimaiyyəti tərəfindən
tənqid olunmuşdu.

Mark Libbi bu suala cavab verərkən deyib ki, bir səfir kimi onun
Azərbaycan ərazisində səfərlərini səfirlik planlaşdırır (Azadlıq
Radiosu). O bildirib ki, indiyədək, Azərbaycanın bir neçə
regionunda olub:“Aydındır ki, qaytarılmış ərazilər bir azca
fərqlidir. Bir az daha çox koordinasiya tələb edir… Amma mən
harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm…
Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”.

ABŞ-ın Azərbaycandakı səfiri 2-ci Qarabağ Müharibəsi başa
çatandan bəri bir dəfə olsun belə (!) Şuşaya səfər etməyib.

Absurd, paradoksal vəziyyətdir.

Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütünlüyünü, sərhəd
toxunulmazlığını və suverenitetini tanıyırsa, nə üçün Bakıdakı
səfir Şuşaya ayaq basmaqdan qətiyyətlə boyun qaçırır?

Problem nədir? ABŞ səfirliyinin rəhbərlərinin çoxsaylı
açıqlamaları, yumşaq desək, inandırıcı təsir bağışlamır.

Erməni işğalından azad edilmiş torpaqları “qaytarılmış ərazilər”
adlandıran M.Libbi “qaytarılmış ərazilər bir azca fərqlidir”
deyərkən nəyi nəzərdə tutur, fərqi nədə görür? Və ümumiyyətlə, “bir
qədər fərqli ərazilər” nə deməkdir?

Azərbaycan ərazilərinin hər qarışı bizə əzizdir və eynidir.

Bəs «şou»dan bəhs edərkən Mark Libbi nəyi nəzərdə tutur? Olmaya
Azərbaycanda fəaliyyət göstərən diplomatların, xaricdən gələn
qonaqların Şuşaya səfərləri Libbi üçün şoudur?

Mark Libbi Şuşaya getmək istəmir – istəməsin. Onu və Fransanın
səfirini kimsə artıq Şuşaya dəvət etmək niyyətində deyil.

Fəqət, Libbinin bu açıqlamaları torpaqlarımızın 20 faizinin
erməni işğalında olduğu 30 il ərzində ATƏT-in Minsk Qrupunda üç
həmsədr ölkə arasında yer almış ABŞ-ın fəaliyyətinin əsl
mahiyyətini ortaya qoyur.

Mark Libbinin daha sonra jurnalist Xədicə İsmayılovanı qəbul
edərək ona dəstək vəd etməsi kimi.

ABŞ-ın Bakıdakı səfirinin nəzərinə çatdırmaq istərdik ki, onun
son açıqlamaları Azərbaycanın daxili işlərinə kobud müdaxilə kimi
dəyərləndirilə bilər və hadisələr Libbinin Bakıdan uzaqlaşdırılması
ilə sonuclanar.