
Bakı. Trend:
Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 101 illiyinə həsr edilmiş “Qərbi Azərbaycana
qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi
konfrans keçirilib.
Trend xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət
Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi
uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin, Ulu Öndər
Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin
sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümummilli Lider
Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin
əsasını qoymasından, öz el–obasından zorla çıxarılan soydaşlarımıza
qayğısından və xüsusi diqqətindən danışıb.
Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan
Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər
missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri
kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin
edilməsi istiqamətində dəstəyini göstərməkdədir.
Konfransda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
Qərbi Azərbaycana aid fikirlərinin yer aldığı videoçarx nümayiş
etdirilib.
Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq
Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid
Cəfərov “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları”
mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Qərbi Azərbaycana
qayıdış indiki Ermənistan ərazisindən deportasiya olunmuş
həmvətənlilərimizin mənəvi və hüquqi haqqıdır.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra Qərbi Azərbaycan mövzusunu yenidən gündəmə
gətirib və bu hadisəyə hüquqi-siyasi qiymət verib.
“Son 300 illik tarixdə Azərbaycan torpaqları zamanla
itirilmişdi. Amma Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən
sonra bu mənfi tendensiyalar sona çatdı”, – deyə Zahid Cəfərov
vurğulayıb.
Konfransa onlayn qoşulan Ukrayna Milli Universiteti Odessa Hüquq
Akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev
bildirib ki, azərbaycanlıların son illərdəki fəaliyyəti dünya
ictimaiyyəti tərəfindən geniş şəkildə müzakirə edilir. Azərbaycanın
qazandığı uğurlar bütün azərbaycanlılar üçün qürur mənbəyidir. O,
beynəlxalq hüququn norma və prinsipləri, insan haqları, dövlətlərin
ərazi bütövlüyü barədə fikirlərini bölüşüb.
Daha sonra çıxış edən hüquq elmləri doktoru, professor Kamil
Səlimov deyib ki, Azərbaycanın müvafiq qurumları 1987-ci ildə Qərbi
azərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırır.
Konfransda Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi məsələlərin
araşdırılması, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və
Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair
Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş
geriyə qayıtmaq hüququnun əsaslarına dair elmi mülahizələr
dinlənilib.
Həmçinin indiki Ermənistan ərazisindən qovulmuş
azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunmasını
əsas hədəf kimi bəyan etmiş Qayıdış Konsepsiyasının müddəalarının
həyata keçirilməsini mümkün edən müasir beynəlxalq hüquqi
alətlərdən istifadə yollarından danışılıb.
Tədbirdə QAİ-nin Mərkəzi orqanlarının rəhbərləri, müavinləri,
tanınmış hüquqşünaslar və icma üzvləri də “Qərbi Azərbaycana
qayıdışın beynəlxalq-hüquqi əsasları”, “Qərbi Azərbaycana qayıdış
yeni tarixi mərhələnin böyük başlanğıcı olacaq”, “Qayıdış
Konsepsiyasının siyasi-hüquqi əhəmiyyəti”, “İnsan hüquqlarına
hörmət beynəlxalq hüququn əsas normalarındandır…, amma!”, “Qərbi
Azərbaycan qadınlarının beynəlxalq hüquqda müdafiəsi” və sair
mövzularda çıxış ediblər.





























