Advertisement

Qərbin “gürcü oyunu”: məkrli, təhlükəli, qəddar…

Bakı. Trend:

Dünyanın geosiyasi xəritəsindəki etirazlar məkanına
yeni qaynar nöqtə əlavə olunub. Bu dəfə – artıq neçəci dəfə –
Gürcüstan çalxalanır.

Kütlənin küçələrə çıxmasının formal səbəbi aydındır: “Xarici
təsirin şəffaflığı haqqında” qanun layihəsidir.

Mayın 1-də Gürcüstan parlamentində layihə ikinci oxunuşda qəbul
olunub. Sənəd maliyyələşdirilməsinin 30 faizdən artığını əcnəbi
maliyyə mənbələri təşkil edən istənilən təşkilatın xüsusi reyestrdə
qeydiyyatdan keçirilməsini tələb edir.

Gürcüstan hökumətinin “xarici agent” haqqında qanunu qəbul etmək
istəyi süngü ilə qarşılanır. Halbuki, ABŞ-da “xarici agent”
haqqında qanun 86 il əvvəl – 1938-ci ildə qəbul olunub, “Xarici
Agentlərin Qeydiyyatı Aktı” (Foreign Agents Registration Act, FARA)
adı ilə bu gün də mövcuddur. Maliyyə qaynaqlarının 20 faizdən çox
hissəsi ABŞ-dan kənarda formalaşan istənilən şəxs, qurum və
şirkətlər ABŞ-də “Xarici Agentlərin Qeydiyyatı Aktı”nın təsir
dairəsinə düşür. Lakin ABŞ özündə mövcud olan qanunun digər
ölkələrdə qəbul edilməsinə qarşı çıxır. Səbəb sadədir: bu qanun
ABŞ-ın başqa ölkələrdə yaratdığı şəbəkənin fəaliyyətini
məhdudlaşdırır və onun planlarının icrasına maneə yaradır, eləcə də
yeni şəbəkə formalaşdırmaq imkanlarını azaldır. Gürcüstana edilən
təzyiqlər də bundan qaynaqlanır.

Tam əksəriyyəti Qərbdən maliyyələşən 25 min QHT-nin mövcud
olduğu Gürcüstanda “xarici agentlər” haqqında qanun layihəsi
gündəmə gələn kimi Qərb öz şəbəkəsini hərəkətə keçirir, həm
küçələrdə xaos yaradır, həm də siyasi hakimiyyətdə özünə yaxın
şəxsləri-qrupları aktivləşdirir. Bu qanun qəbul edilərsə, Qərbin
Gürcüstandakı bütün şəbəkəsi çökəcək və bu, təkcə Gürcüstanı
“nəzarətdə saxlamaq” imkanının itirilməsi yox, həm də Azərbaycana
dair planlarının alt-üst olması deməkdir. Çünki Gürcüstan Qərbin
Azərbaycanla bağlı planlarında əsas platforma kimi seçilib.

Qərb şəbəkəsinin qanunsuz maliyyələşməsinin illərdir
Gürcüstandan həyata keçirilməsi də bunu təsdiq edir. Qərb dairələri
bununla həm Azərbaycandakı şəbəkəni təmin edir, həm də
Gürcüstandakı şəbəkə ilə koordinasiyalı fəaliyyət göstərməsini
həyata keçirir. Gürcüstanda “xarici agentlər” haqqında qanuna
edilən etirazla Azərbaycanda şəbəkənin sıradan çıxması
istiqamətində atılan addımların tənqid edilməsi bir-birinə bağlı
məsələlərdir. Qərb dairələri Cənubi Qafqazda təsir rıçaqlarını
itirməkdən qorxur.

Gürcüstanın hakimiyyət dairələri Qərbin aşkar və bütün
mənəviyyat hədlərini aşan təzyiqləri qarşısında geri çəkilmək
niyyətində deyillər.

Qanun layihəsini “xarici agentlər haqqında” adlandıran və
“Rusiyadakı qanunu təkrarı olan” tipli bəyanatlar verən gürcü
müxalifəti bilərəkdən mahiyyəti saxtalaşdırmağa çalışır.

Çünki faktura baxımından əsla belə deyil.

Üstəlik, Avropa İttifaqında Çinin təsir imkanlarına qarşı
analoji qanun hazırlanır.

Gürcüstandakı müxalifətin aksiyalarını əsaslandırmaq üçün
məntiqə zərurət yoxdur. Tbilisidəki aksiyaların təşkilatçıları
emosiyalara bel bağlayır, lanun layihəsini “Rusiya təsirli, düşmən
ruhlu” adlandırır və “Avropaya qarşıdır” söyləyərək Gürcüstanı
Avroatlantika perpsektivlərindən məhrum edən sənəd qismində qələmə
verir.

ABŞ və Avropa İttifaqı belə assosiasiyaları tam dəstəkləyir.

Qərb mediası qanun layihəsini ən yaxşı halda “ziddiyyətli”
sayır, ən pis halda isə az qala Rusiyanın diqtəsi ilə
hazırlandığını vurğulayır.

Avropa Şurasının sədri Şarl Mişelin dediyinə görə, “bu qanun
Gürcüstanı Avropa İttifaqına yaxınlaşdırmaq əvəzinə,
uzaqlaşdıracaq”.

Avropa Parlamenti isə bəyanat qəbul edərək Brüsseldən
Gürcüstanla avrointeqrasiya proseslərini dayandırmaqla yanaşı, viza
rejiminin liberallaşdırılması prosesinin ləğvini tələb edir.

Halbuki Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza
rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya
gedib, aşağı işlərdə işləyir. Oxşar proses Ukraynada da müşahidə
olunmuşdu. Hər dəfə hansısa preferensiyalar müqabilində
Gürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstan
cəmiyyətinin əsasları laxladılır.

Qərbin belə dəstəyindən ruhlanan gürcü müxalifətçiləri kütləvi
etiraz aksiyalarına başladılar. Minlərlə insan Tbilisidə parlament
binasını mühasirəyə aldılar, yolları bağladılar, polislə
qarşıdurmaya başladılar.

“Etiraz aksiyalarının yatırılmasında gücdən istifadə
qəbuledilməzdir” – Avropa Komissiyasının xarici siyasət və
təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel söyləyib.
Gürcüstan prezidenti, əvvəllər Fransa XİN-nin əməkdaşı olmuş Salome
Zurabihvili də bu ifadəni təkrarlayır.

Etiraz aksiyalarının davam edəcəyi şübhəsizdir. Çünki
parlamentdə qanun layihəsinin üçüncü oxunuşu və prezident vetosunun
dəf edilməsi prosesləri qarşıdadır. Qərbə meylli və bir çox
məsələlərdə Qərbdən asılı Gürcüstan hakimiyyəti ilk baxışdan, belə
vəziyyətdə geri çəkilməlidir.

Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” partiyası nəinki
geri çəkilir – opponentlərinə çox sərt cavab verir.

Məsələn, baş nazir İrakli Kobaxidze prezident Salome
Zurabişvilini dövlətə xəyanətdə suçlayıb: “Ən kədərlisi budur ki,
hələ də hüquqi olaraq Gürcüstan prezidenti adlanan şəxs sadəcə,
sözün əsl mənsında, bu ölkəyə xəyanət edir. O, Gürcüstanın milli
maraqlarına birbaşa xəyanət edir”.

Belə sərtliyin bir neçə səbəbi var:

1. Qərbin ölkə siyasətinə aşkar və kobud təsiri ilə mübarizədə
ilk addım qismində Tbilisinin belə qanuna ciddi ehtiyacı var. Söz
yox, Gürcüstanın indiki hakimiyyəti birmənalı olaraq Qərbə
meyllidir, Avropa İttifaqı ilə sıx təmaslarla formalaşıb. Lakin
Moldova və Ukraynadakı hakimiyyətlərdən fərqli olaraq, Tbilisidəki
iqtidar milli yönümünü qoruyub saxlaya bilib.

2. Tbilisinin Qərbə inamı azalıb. Tbilisidəki hakimiyyət gec də
olsa, anladı ki, ölkənin sistemli inkişafı və gürcü xalqının
maraqları Qərbin tələblərinə cavab vermir. Qərb Gürcüstanı Cənubi
Qafqazda Rusiyaya qarşı forpost qismində görürdü. Belə ziddiyyətlər
2022-ci ildə, Tbilisi ilə Moskva arasında münasibətlərin
normallaşması zamanı başlandı. Rusiyanın Ukraynada hərbi
əməliyyatlara başlamasından sonra Qərb Gürcüstandan Moskvaya qarşı
“ikinci cəbhə”nin açılmasını tələb edəndə ziddiyyətlər daha da
dərinləşdi.

“Gürcü arzusu” Qərbin tələbini qətiyyətə rədd etdi. Az sonra
Qərbin Tbilisiyə ünvanlanmış sərt tənqidləri başlandı, Gürcüstanda
isə Qərbin maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının (QHT)
hakimiyyətə qarşı fəaliyyətinə start verildi.

Gürcüstanın hakimiyyət dairələri anlayırlar ki, “Rusiyaya qarşı
son ukraynalıya və son gürcüyədək” strategiyasını reallaşdırmağa
çalışan Qərb onu faktiki olaraq, hesabdan silib. Bütün körpülər
yandırılıb və bu səbəbdən də Bidzina İvanişvilinin rəhbərlik etdiyi
“Gürcü arzusu” sonadək mübarizə aparmaq qərarına gəlib.

Tbilisi iki ssenariyə bel bağlayır. İlk ssenaridə Avropa
İttifaqında və ABŞ-da builki seçkilərdə daha praqmatik qüvvələr
hakimiyyətə gəlir, ya da Rusiya Ukraynadakı müharibədə qələbəyə
nail olur və postsovet məkanındakı situasiya bütünlüklə dəyişir.
Belədə Qərb Gürcüstanı olduğu kimi qəbul etmək məcburiyyətində
qalacaq.

3. “Gürcü arzusu” Gürcüstanı radikalizmin beşiyinə çevirmək
istəmir. Əvvəllər Qərbin maliyyələşdirdiyi QHT-lərin qaynaşdığı
postsovet ölkələri arasında xarici təsirin şəffaflığını və
QHT-lərin xaricdən maliyyələşdirilməsinin sərt nəzarət altına
alınmasını təmin etməyə çalışan dövlətlərin sayı artır.

Bu səbəbdən də həmin QHT-lər qanunların nisbətən yumşaq
olduqları yerlərə – məsələn, Gürcüstana – üz tuturlar. Gürcüstanda
isə belə QHT-lər vəziyyəti ağırlaşdırır, ilk növbədə Tbilisi-Moskva
münasibətlərini pisləşdirməyə çalışırlar. Situasiyaya müdaxilə
edilməzsə, ölkə ərazisindəki belə QHT-lərlə hakimiyyət dairələri
arasında əlaqələrin olmadığını Tbilisi Moskvaya çətinliklə sübut
edə bilər.

Göründüyü kimi, Qərb “Gürcü arzusu”na seçim imkanı qoymayıb.
İndi əsas məsələ Qərbin Tbilisiyə ünvanlanmış sərt tənqidlərdən
yeni “Maydan ssenari”sinə keçməsi ilə bağlıdır.

Həmin ssenari reallaşarsa, Qərb Gürcüstanı bilmərrə itirəcək.
Brüsseldə və Vaşinqtonda hakimiyyətdə praqmatiklər yox,
“demokratiya şahinləri”nin olduğunu nəzərə alsaq, vəziyyətin
radikallaşması istisna deyil.

… 20 il əvvəl, 2004-cü ildə hakimiyyətə gəlmiş Mixeil
Saakaşviliyə də Qərb bol vədlər vermişdi. Tbilisi bu vədlərə
inanmışdı. Amma 2008-ci ilin avqustunda, Rusiyanın qoşunları
Abxaziyaya və Cənubi Osetiyaya girəndən 5 gün sonra Tbilisidə böyük
mitinq olmuşdu.

Polşa prezidenti Lex Kaçinski, Ukrayna prezidenti Viktor
Yuşşenko, Estoniya prezidenti Toomas Hendrik İlves, Litva
prezidenti Valdas Adamkus və Latviya lijeri İvar Qodmanis Tbilisyə
təhlükəsizlik vədləri vermişdilər.

Nəticə? Cənubi Osetiya və Abxaziya bütünlüklə Rusiyanın əlinə
keçdi, rus tankları Tbilisinin bir neçə kilometrliyində
dayandılar.

Mixeil Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun
arxasında dayanmadı, sonucda uduzan və pərişan qalan Gürcüstan
cəmiyyəti oldu.

Baş verənlər ABŞ başda olmaqla Qərbin gürcü xalqına qarşı
təxribatı idi. İndi bu təxribatın yenidən təkrarlanmasına cəhd
olunur. Ancaq 2004 cü ildən fərqli oçaraq, gürcü xalqı təhlükəni
görür və avantüraya getmir. Yaxşı olardı ki, Gürcüstan hakimiyyəti
Qərbin əsl niyyətini illər əvvəl görəydi və yeni avantüranın bu
qədər ayaq açmasına imkan verməyəydi. Çünki ötən illər ərzində Qərb
Gürcüatanda çox güclü şəbəkə qurub.

2010-cu ildən başlayaraq ABŞ-ın Azərbaycandakı şəbəkəsinin
fəaliyyəti məhdudlaşdırıldı, NED təşkolatının Bakı ofisinin rəhbəri
oıan Aleks Qriqorevs kimi təxribatçıların cəmiyyəti, gəncləri
qiyama qaldırmaq cəhdləri iflasa uğradıldı, QHT lərin maliyyə
fəaliyyətini şəffaflaşdıran qanunlar qəbul olundu və xaricdən
maliyyələşmə prosesi nəzarətə götürüldü. Maraqlıdır ki, bu gün
“xarici agent qanunu”nun qəbul olunmasına qarşı sərt çıxış edən
Amerika özü bu qanunu hamıdan əvvəl qəbul edib, Aİ də də müvafiq
hüquqi aktlar fəaliyyətdədir.

Qərb başa düşür ki, Azərbaycanın mövqeyi olmadan və maraqları
nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil.
Azərbaycan istəməzsə, bu regionda ayaq aça bilməyəcək. Bu gün
Bakıya təzyiqlər heç bir nəticə vermir və verməyəcək, sanksiyaların
heç bir nəticəsi olmayacağını anlayaraq bu addımdan da geri
çəkiləcəklər.

Bu gün Gürcüstan da məhz Azərbaycandan ruhlanaraq qəti mövqe
nümayiş etdirməyə başlayıb.

O da təsadüfi deyil ki, Qərb Gürcüstan üzərindən Azərbaycandakı
şəbəkəsinin qalıqlarını qoruyub saxlamağa çalışır. Buna görə də
ciddi cəhdlə “Abzas Media”, “Toplum TV” kimi layihələri müdafiə
edir, qanunları pozduqlarına görə həbs olunmuş şəxslərin azadlığa
buraxılmasına nail olmağa çalışır.

… Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya qarşı
tətbiq edilmi ağır və çoxsaylı sanksiyalardan yayınmağa çalışan
Moskva məhz Gürcüstanı paralel ixrac-idxal əməliyyatları üçün
tranzit ölkələrdən biri seçmişdi.

Nəticədə ötən il yoxsul Gürcüstanın ÜDM-i 10 faiz kimi rekord
göstərici ilə artıb.

Qərbə isə varlı, inkişaf edən Gürcüstan gərək deyil.

Qərb Gürcüstanı bölgəmizdə daha bir gərginlik məkanı, Rusiyaya
qarşı qarşıdurma vasitəsi kimi görür.

Heç təsadüfi deyil ki, Tbilisi küçələrində kütləvi etiraz
aksiyaları keçirənlər ilkin mərhələdə “Rədd olsun mürtəce qanun!”
qışqırırdılarsa, sonrakı mərhələdə “Siyasi məhbuslara azadlıq!”
bağırırdılar.

Daha sonra isə onlar “Suxumi! Suxumi!” qışqırdılar və
hakimiyyəti müharibəyə başlamağa çağırdılar.

Hər şey aydın deyilmi?