
Bakı. Trend:
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun
Bayramov və Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşünün
gündəliyi məlum olub.
Trend xəbər
verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, görüşün əsas mövzusunu iki ölkənin ərazi
bütövlüyünün qarşılıqlı tanınması təşkil edəcək.
Bundan başqa, iki ölkə arasında öhdəliklərin yazılı təsdiq
olunacağı, eləcə də, regionda nəqliyyat infrastrukturunun və
ticarət marşrutlarının açılmasının müzakirə olunacağı
gözlənilir.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası
Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan
Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası
ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşündə anklav və eksklav məsələləri üzrə
delimitasiya prosesini davam etdirmək barədə razılıq əldə
olunub.
Bu razılıq sülhə doğru önəmli addım olmaqla yanaşı, mayın 10-da
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və
Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşü ilə bağlı
gözləntiləri artırır.





























